10 ildən sonra tarixi qərar: ABŞ Suriyanı tam tərk edir?

ABŞ ordusunun Suriyada qalan təxminən min nəfərlik hərbi kontingentini iki ay ərzində tam şəkildə geri çəkməyə hazırlaşdığı iddia edilir. Bu barədə The Wall Street Journal (WSJ) nəşri üç amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

ABŞ bütün hərbçilərini geri çəkə bilər

Referans Media xəbər verir ki, Pentaqon hazırda Suriyada yerləşən son hərbçilərin çıxarılması prosesini sürətləndirməyi planlaşdırır. Əgər proses başa çatarsa, ABŞ-ın təxminən 10 ildir davam edən Suriya hərbi mövcudluğu tamamilə sona çatacaq.

İki amerikalı rəsmi bildirib ki, ABŞ ordusu artıq: Suriya–İordaniya–İraq sərhədində yerləşən strateji **Ət-Tanf qarnizonu**ndan, eləcə də Suriyanın şimal-şərqindəki **Şədadi Hava Bazası**ndan çıxış prosesini tamamlayıb.

Vaşinqtonun qərarının səbəbi nədir?

Mənbələrə görə, prezident Donald Tramp administrasiyası Suriyada ABŞ-ın əsas tərəfdaşı olan YPG-nin “demək olar ki, tamamilə dağıldığı” qənaətinə gəlib. Bundan sonra bölgədə Amerika hərbi varlığının zəruri olmadığı düşünülür. Qeyd edək ki, YPG uzun müddət ABŞ-ın İŞİD-ə qarşı mübarizədə əsas yerli tərəfdaşı hesab olunurdu.

Diplomatik mərhələ başlayır?

Digər rəsmi isə bildirib ki, Vaşinqton yeni mərhələdə Suriya Prezidenti Əhməd əl-Şaraa rəhbərliyi ilə daha yaxın diplomatik münasibətlər qurmağı planlaşdırır. Məqsəd mümkün təhlükələri hərbi deyil, diplomatik kanallar vasitəsilə idarə etməkdir.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack daha əvvəl açıqlamasında bildirmişdi ki, İŞİD-lə mübarizə missiyasının 99 faizi tamamlanıb, Suriyadakı 8 hərbi baza 3-ə endirilib və son mərhələdə bu sayın 1-ə düşürülməsi planlaşdırılır.

Əgər geri çəkilmə tam reallaşarsa, bu addım Türkiyənin cənub sərhədlərində təhlükəsizlik balansına və regiondakı geosiyasi vəziyyətə ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki