Kocaeli şəhərində 2017-ci ildə baş verdiyi iddia olunan namus cinayəti və illər sonra ortaya çıxan detallar ölkə gündəmini silkələyib.
İddialara görə, 4 uşaq anası Güneş Yıldıztan “ailə məclisinin qərarı” ilə öldürülüb. 7 il sonra hazırlanan iddianamə isə hadisənin arxasında daha dərin və qalmaqallı ailə sirrinin olduğunu ortaya çıxarıb.
Referans Media xəbər verir ki, ən diqqətçəkən məqam isə DNT nəticələri olub. Məlumata görə, dörd uşaqdan üçünün atası qurbanın əri Nihat Yıldıztanın qardaşı Saim Yıldıztandır. Dördüncü uşağın atası nə Nihat, nə də Saim deyil. Bundan əlavə, cəsədin qətldən sonra yandırılması ehtimalı araşdırılır.
İstintaq materiallarında qeyd olunur ki, Güneş Yıldıztan 2017-ci ildə polisə müraciət edərək şiddət gördüyünü bildirib və qadın sığınacağına yerləşdirilib. Lakin qısa müddət sonra yenidən ailəsinə qayıtdığı qeyd edilir.
Şahid ifadələrində cinayətin “ailə şərəfini qorumaq” motivi ilə törədildiyi iddiaları yer alır. Bəzi ifadələrdə “namus” səbəbi ilə qərar verildiyi də qeyd olunub.
Ən sarsıdıcı məqamlardan biri isə qadının meyitinin hələ də tapılmamasıdır. İstintaq onun öldürüldükdən sonra yandırılmış ola biləcəyi ehtimalını da araşdırır.
Hazırda iş üzrə bir neçə şəxs həbsdə saxlanılır, digərləri isə məhkəmə nəzarəti altında azadlıqdadır. Məhkəmə prosesi davam edir və yeni faktların üzə çıxacağı gözlənilir.























