72 pələng xəstəlikdən öldü – turistik parka istintaq başladı

Taylandın şimalında, Chiang Mai şəhərində yerləşən məşhur turistik məkanda iki həftədən az müddətdə 72 pələng ölüb. Ziyarətçilərin pələnglərlə təmas qura bildiyi Tiger Kingdom Chiang Mai adlı obyektin iki filialında baş verən hadisə ilə bağlı geniş araşdırma başladılıb.

Yerli baytarlıq qurumu ölü heyvanlardan götürülən nümunələrdə “canine distemper” (itlərdə gənclik xəstəliyi) virusunun aşkarlandığını açıqlayıb. Eyni zamanda tənəffüs yolu xəstəlikləri ilə əlaqəli bakteriya da müəyyən edilib. Yoluxmanın mənbəyi hələ rəsmi təsdiqlənməyib.

İlkin versiyalarda “feline parvovirus” ehtimalı nəzərdən keçirilsə də, bəzi rəsmilər xəstəliyin pələnglərə verilən çirklənmiş çiy toyuq ətindən qaynaqlana biləcəyini bildiriblər. Oxşar hal 2004-cü ildə Chonburi şəhərində quş qripi səbəbilə 150 pələngin ölümü zamanı da yaşanmışdı.

Səlahiyyətlilər pələnglərin qalıqlarının yandırılaraq basdırıldığını açıqlayıb. Park əməkdaşlarında xəstəlik aşkarlanmasa da, onlar 21 gün müşahidə altında saxlanılacaq.

Heyvan haqları təşkilatları isə hadisənin Taylandda əyləncə məqsədilə saxlanılan vəhşi heyvanların ağır şəraitini bir daha üzə çıxardığını vurğulayıb. Park dezinfeksiya işləri səbəbilə iki həftəlik bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki