Türkiyədə dişi ağrıyan şəxsin həkimə müraciəti təəccüb doğurub.
Referans Media xəbər verir ki, Manisada yaşayan 83 yaşlı Aydın Besen, protez dişlərində yaranan ağrı səbəbilə müraciət etdiyi diş həkimindən gözlənilməz cavab alıb. Məlum olub ki, yaşlı kişinin ağrılarının səbəbi 20-lik diş imiş. Adətən 18–30 yaş aralığında çıxan 20-lik dişin 83 yaşında ortaya çıxması təəccüb doğurub.
Besen, təxminən 6 ildir protez istifadə etdiyini bildirərək deyib: “20-lik dişim heç vaxt çıxmamışdı. Həkim ağrının səbəbinin 20-lik diş olduğunu deyəndə çox təəccübləndim. Protezimdən istifadə edə bilmədiyim üçün həkim dişin çəkilməsinin vacib olduğunu bildirdi. Bir həftə dərman istifadə etdikdən sonra əməliyyatla çıxarıldı.”
“Protez istifadəsi səbəbindən altda qalıb”
Əməliyyatı həyata keçirən Ağız, Diş, Çənə Xəstəlikləri Cərrahiyyəsi üzrə mütəxəssis Dr. Hakan Kahraman bildirib ki, 20-lik dişlər hər yaşda problem yarada bilər:
“İrəliləmiş yaşlarda sümük əriməsi səbəbilə gizli dişlər səthə yaxınlaşaraq narahatlıq yarada bilər. Pasiyent uzun illər total protez istifadə etdiyi üçün gizli qalmış diş, üst hissədəki sümüyün əriməsi nəticəsində üzə çıxmağa başlayıb. Yeni protezin hazırlanmasına mane olacağı üçün dişi cərrahi yolla çıxardıq. Bu hal hər kəsdə müşahidə oluna bilər.”
“Sümük əriməsi dişi səthə doğru gətirir”
Manisa Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi Dr. Barış Kaya isə qeyd edib:
“Bu dişlər əslində çıxmır. Çənə sümüyü yaşla əlaqədar əridiyi üçün diş çıxmış kimi görünür. Xalq arasında ‘70 yaşından sonra diş çıxdı’ kimi deyilən hallar, əslində gizli dişlərin sümük əriməsi nəticəsində üzə çıxmasıdır. Xüsusilə total protez istifadə edənlərdə daha çox rast gəlinir. Əgər ağrıya, protez istifadəsində çətinliyə və ya yemək yemədə problemə səbəb olursa, dişi əməliyyatla çıxarırıq. Daha sonra yeni protez hazırlanır və ya mövcud protez kiçik düzəlişlərlə istifadə olunmağa davam edir.”
Əməliyyatdan sonra Aydın Besen sağlığına qovuşub və protezin yenilənməsi üçün müalicəsi davam etdirilir.
