ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dünyanın ən böyük və ən müasir aviadaşıyıcılarından biri olan “USS Gerald R. Ford” gəmisində baş verən yanğından sonra onun müvəqqəti olaraq Yunanıstanın Souda Bay limanına çəkilməsi planlaşdırılır.
Referans Media xəbər verir ki, yanğın 12 mart tarixində gəminin əsas çamaşırxana bölməsində yerləşən sistemdə yaranıb. Hadisə zamanı ən azı iki dənizçi yaralanıb, bəzi heyət üzvləri isə tüstüdən zəhərlənmə ehtimalı ilə tibbi nəzarətə götürülüb.
Mənbələr bildirir ki, yanğının tam söndürülməsi uzun çəkib və təxminən 30 saat davam edən əməliyyatdan sonra alov nəzarət altına alınıb. Rəsmi açıqlamada yanğının hərbi toqquşma ilə əlaqəli olmadığı bildirilsə də, hadisənin miqyası diqqət çəkib.
Yanğın nəticəsində gəmidə ciddi məişət problemləri yaranıb. Bildirilir ki, yüzlərlə dənizçi yataqxanalardan istifadə edə bilmir və müvəqqəti yerlərdə qalmağa məcbur olub.
ABŞ Donanması açıqlamasında gəminin nüvə mühərrik sisteminin zərər görmədiyini və əsas əməliyyat qabiliyyətinin qorunduğunu bildirib. Bununla belə, bəzi heyət üzvlərinin hava yolu ilə təxliyə edildiyi məlumatı hadisənin ciddiliyini göstərir.
Məlumata görə, Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı artıq təxminən 9 aydır fasiləsiz şəkildə əməliyyatlarda iştirak edir. Ekspertlər uzun müddətli missiyaların texniki nasazlıqlar və heyət yorğunluğu riskini artırdığını bildirirlər.
ABŞ rəsmilərinin sözlərinə görə, gəmi müvəqqəti təmir və texniki yoxlama üçün Krit adasındakı Souda körfəzinə çəkiləcək. Lakin aviadaşıyıcının limanda nə qədər qalacağı barədə dəqiq məlumat açıqlanmayıb.
Hadisə Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə baş verdiyi üçün regionda ABŞ-ın hərbi gücü və əməliyyat imkanları ilə bağlı yeni müzakirələrə səbəb olub.
