İran və ABŞ arasında gərginlik sürətlə artmaqda davam edir. Hər iki tərəfin aktiv hərbi fəaliyyətlərə hazırlaşdığı bildirilir. ABŞ-ın İrana zərbələr endirməyə hazırlaşdığı, İranın isə buna cavab olaraq Amerikanın maraqlarının olduğu regiondakı obyektlərə əks-hücum planları üzərində ciddi hazırlıq apardığı qeyd olunur.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, vəziyyət son dərəcə ciddidir və proseslər müharibə ərəfəsində “partlayış nöqtəsinə” çatıb. Onun sözlərinə görə, həm ABŞ, həm də İran olduqca iddialı mövqe sərgiləyir.
Politoloq qeyd edib ki, Amerikanın İrana qarşı açıq şəkildə irəli sürdüyü tələblər mövcuddur. Bunlara İranın nüvə proqramının dayandırılması və raket proqramından imtina etməsi daxildir. Lakin ABŞ-ın açıq şəkildə ifadə etmədiyi, İranın qəbul etməsini istədiyi əlavə tələblərin də olduğu məlumdur.
Aydın Quliyev vurğulayıb ki, ABŞ-ın əsas hədəflərindən biri də İranda rejim dəyişikliyinə nail olmaq və İran neftinin ixracına tam nəzarəti ələ keçirməkdir. Politoloqun fikrincə, bu məqsədlər açıq şəkildə bəyan olunmasa da, xüsusilə Donald Tramp administrasiyasının əsas strateji hədəfləri sırasında yer alır.
Ekspert əlavə edib ki, İran nüvə proqramını milli təhlükəsizlik məsələsi elan edib və bu səbəbdən Tehranın nüvə proqramından tam imtina etməsi real görünmür. Digər tərəfdən, ABŞ-ın bu qədər hərbi eskalasiyadan sonra geri çəkiləcəyinə dair ciddi əlamətlər yoxdur.
Onun sözlərinə görə, mövcud şəraitdə tərəflərin geri addım atmaq perspektivi zəifdir. Ən böyük ehtimal hər iki tərəfin qarşıdurmanı dərinləşdirən addımlar atmasıdır ki, bu da regionu müharibəyə daha da yaxınlaşdırır.
Politoloq hesab edir ki, ABŞ-ın İrana mümkün zərbələrinin genişmiqyaslı regional müharibəyə çevrilmə ehtimalı yüksək deyil. Çünki regionda bu zərbələrə siyasi və diplomatik bəyanatlardan başqa, hərbi müstəvidə cavab verəcək ikinci bir dövlət yoxdur.
Bu baxımdan, mümkün müharibə ssenarisində İranın hərbi baxımdan tək qalacağı açıq şəkildə görünür. Əgər tərəflər geri çəkilməsə, ABŞ-ın İrana zərbələr endirməsi qaçınılmaz ola bilər.
Gülnaz Abdullazadə.
