ABŞ-nin ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyi hədəflədiyi iddia olunur

İddiaya görə, ABŞ ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmağı planlaşdırır və bu məqsədlə hökumət daxilində müəyyən şəxslərlə təmaslar qurmağa çalışır.

Referans Media xəbər verir ki, Wall Street Journal qəzetinə adlarının açıqlanmaması şərti ilə danışan ABŞ rəsmiləri bildiriblər ki, Donald Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyi üçün zəmin yaradacaq razılaşma istiqamətində hökumət daxilindən bəzi fiqurlarla əlaqə qurmağa cəhd göstərir.

Rəsmilərin sözlərinə görə, Tramp administrasiyası Kuba iqtisadiyyatını “çöküşün astanasında” qiymətləndirir və Venesuela prezidenti Nikolas Maduronun dəstəyinin zəifləməsi fonunda Havana hakimiyyətinin daha da kövrək vəziyyətə düşdüyünü hesab edir.

Kubada hakimiyyəti devirməyə yönəlik konkret planın hələ mövcud olmadığını bildirən mənbələr, Maduronun saxlanılmasından sonra baş verən proseslərin Kuba üçün həm nümunə, həm də xəbərdarlıq xarakteri daşıdığını vurğulayıblar.

Eyni zamanda iddia olunur ki, Tramp administrasiyası Mayami və Vaşinqtonda yaşayan kubalı mühacirlər və vətəndaş cəmiyyəti qrupları ilə görüşlərdə, Kuba rəhbərliyi daxilində uzlaşmaya açıq fiqurları müəyyənləşdirməyə çalışır.

Bundan əlavə, Vaşinqtonun Kubanın enerji ehtiyacını qarşılayan neft tədarükünü məhdudlaşdırmaqla mövcud hakimiyyəti zəiflətməyi planlaşdırdığı da irəli sürülür.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 11-də etdiyi paylaşımda Venesueladan Kubaya “nə neftin, nə də pulun göndəriləcəyini” bəyan edərək, Havana rəhbərliyini “gec olmadan razılaşmaya getməyə” çağırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki