ABŞ Prezidenti Tramp: “Suriya Prezidenti Şaraya etibar edirəm”

ABŞ Prezidenti Donald Tramp dekabrın 13-də Suriyada ABŞ hərbçilərinin həlak olduğu silahlı hücumdan sonra Suriya Prezidenti Əhməd Şaraya hələ də güvəndiyini bildirib. Tramp bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Referans Media xəbər verir ki, Suriyada baş verən silahlı hücum nəticəsində 2 ABŞ hərbçisi və 1 ABŞ vətəndaşının dünyasını dəyişməsindən sonra Prezident Şaraya etibar edib-etmədiyi ilə bağlı suala Tramp, “Bəli, hələ də etibar edirəm”, – deyə cavab verib. ABŞ Prezidenti qeyd edib ki, sözügedən hücumun Prezident Şara ilə birbaşa əlaqəsi yoxdur.

Tramp bildirib: “Bu hadisə Suriyanın mərkəzi hakimiyyətin tam nəzarət edə bilmədiyi bir bölgəsində baş verib. Bu, gözlənilməz oldu. Şara bu vəziyyətdən çox məyusdur və məsələ üzərində işləyir. O, güclü liderdir.”

Hücumun terror təşkilatı DEAŞ-la əlaqəli olduğunu vurğulayan Tramp, cavab olaraq bu quruma qarşı “sərt zərbələr endiriləcəyini” deyib.

Suriyada ABŞ hərbi qüvvələrinin niyə saxlanıldığı ilə bağlı suala cavab verən Tramp, “Çünki Yaxın Şərqdə sülhün təmin olunmasına və davamlı olmasına çalışırıq”, – ifadəsini işlədib. O əlavə edib ki, ABŞ hərbçilərinin bölgədə mövcudluğu bu səylərin bir hissəsidir və Yaxın Şərq “dünyanın ən çətin regionlarından biridir”.

Donald Tramp çıxışında həmçinin bildirib: “Biz (Bəşər) Əsəddən xilas olduq, Yaxın Şərqdə sülhün qarşısında maneə olan digər çox pis insanlardan da qurtulduq.”

Tramp Qəzzada beynəlxalq sabitlik qüvvəsinin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab olaraq, “Məncə, bu qüvvə artıq müəyyən formada fəaliyyət göstərir və kifayət qədər güclü işləyir”, – deyə bildirib.

O, beynəlxalq sabitlik qüvvəsinə daha çox ölkənin qoşulacağını vurğulayaraq, “İstədiyim qədər hərbçi göndərməyə hazırdırlar”, – ifadəsini işlədib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki