ABŞ Prezidenti Donald Tramp Venesueladakı mövcud vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, ABŞ bu ölkədə bütün proseslərə nəzarət edəcək və vəziyyəti normallaşdıracaq.
Referans Media xəbər verir ki, Floridada keçirdiyi istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “Venesuelada hər şeyi biz idarə edəcəyik və ölkəni qaydaya salacağıq. Daha sonra isə uyğun zamanda seçkilər keçiriləcək”.
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin düzgün və əsaslı olduğunu iddia edən Tramp, bu ölkədən ABŞ-a böyük həcmdə narkotik daşındığını, Venesuela Prezidenti Nikolas Maduronun isə “narko-terrorçu dövlət” idarə etdiyini bildirib.
Venesueladakı mövcud durumla bağlı görüləsi çox iş olduğunu qeyd edən Tramp, iri Amerika neft şirkətlərinin bu ölkəyə gedərək milyardlarla dollar dəyərində layihələr həyata keçirəcəyini vurğulayıb.
ABŞ Prezidenti Venesuelanın vitse-prezidenti Delsi Rodrigeslə yaxın təmasda olduqlarını da açıqlayıb. “Venesuelada nəzarət bizdədir”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, hələlik Rodrigeslə şəxsən görüşməyib, lakin administrasiya üzvləri bu istiqamətdə təmaslar qurublar. Tramp əlavə edib ki, Rodriges ABŞ-la əməkdaşlıq edir, lakin detalları açıqlamayıb.
