ABŞ-də bir sıra universitetlərin süni intellekt texnologiyalarını geniş şəkildə tətbiq etməsi tələbə və valideynlərin etirazına səbəb olub. Universitetlər büdcə ixtisarları fonunda süni intellekt şirkətləri ilə milyonlarla dollarlıq müqavilələr bağlayır.
Narazılığın əsas səbəblərindən biri süni intellekt sistemlərinin yol verdiyi səhvlərdir. Arizona ştatındakı Glendale Community College-də keçirilən məzuniyyət mərasimində süni intellekt tələbələrin adlarını düzgün səsləndirə və ekranda doğru məlumatları göstərə bilməyib. Bu isə tədbirdə etirazlara səbəb olub.
Digər problem isə süni intellektin təhsil prosesində qiymətləndirməyə cəlb edilməsidir. Kembric Universitetinin araşdırmasına görə, bəzi süni intellekt sistemləri tələbələrin işlərini qiymətləndirərkən səhvlərə yol verir, keyfiyyətli işlərə aşağı, zəif işlərə isə yüksək bal verə bilir.
Mütəxəssislər hesab edirlər ki, təhsil və qiymətləndirmə proseslərində insan amili hələ də əvəzolunmazdır və süni intellektə həddindən artıq etibar yeni problemlər yarada bilər.
