ABŞ və Çin arasında tarixi razılaşma – Qlobal bazarlar hərəkətə keçdi

ABŞ və Çin arasında aparılan danışıqlar nəticəsində qlobal bazarlara təsir edəcək genişmiqyaslı iqtisadi razılaşmalar əldə olunub.

Referans Media xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən açıqlama verilib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında keçirilən görüşlərdən sonra ticarət, investisiya və strateji sahələr üzrə mühüm razılaşmalar əldə edilib.

Açıqlamaya görə, tərəflər ABŞ–Çin Ticarət və İnvestisiya Şuralarının yaradılması barədə razılığa gəliblər. Bu platformaların iki ölkə arasında iqtisadi münasibətlərin idarə olunmasında əsas rol oynayacağı bildirilir.

Razılaşma çərçivəsində Çin ABŞ-dan "Boeing" istehsalı olan 200 təyyarənin alınmasını təsdiqləyib. Bu addımın ABŞ sənayesində minlərlə yeni iş yerinin yaranmasına töhfə verəcəyi qeyd olunur.

Bundan əlavə, Çin 2026–2028-ci illər ərzində ABŞ-dan ildə ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu almağı öhdəsinə götürüb. Razılaşmaya əsasən, ABŞ mal əti və bəzi kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxışı da genişləndiriləcək.

Sənəddə həmçinin Çin tərəfindən nadir torpaq elementləri və kritik minerallar üzrə tədarük zəncirində ABŞ-ın narahatlıqlarını aradan qaldıracaq addımların atılacağı bildirilib.

Ekspertlər hesab edirlər ki, bu razılaşmalar qlobal ticarət balansına ciddi təsir göstərə və maliyyə bazarlarında yeni dalğalanmalara səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki