ABŞ Prezidenti Donald Trampın İran rejiminə qarşı mümkün hərbi əməliyyat üçün Böyük Britaniyadakı hərbi bazalardan istifadə etmək istəyi rədd edilib.
İngiltərə ABŞ-a dəstək vermədi
Referans Media xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer, ABŞ-ın İran üzərinə mümkün hücumlarda Dieqo Qarsiya adasındakı hərbi bazanı və İngiltərənin Qlosterşir bölgəsindəki “RAF Fairford” Hava Bazasını istifadə etməsinə icazə verməyib.
Starmer bildirib ki, Dieqo Qarsiya və Fairforddakı ABŞ-a ev sahibliyi edən hərbi bazalar yalnız hökumətlə əvvəlcədən razılaşma olduqda üçüncü ölkələrə qarşı əməliyyatlarda istifadə oluna bilər və bu addımı icazəsiz həyata keçirmək beynəlxalq hüququn pozulması deməkdir.
Tramp, öz sosial şəbəkəsində yayımladığı açıqlamada, İranın nüvə proqramı ilə bağlı razılığa gəlməməsi halında ABŞ-ın Dieqo Qarsiya və Fairford Hava Bazası vasitəsilə hərəkət etməsinin lazım ola biləcəyini qeyd edib.
O bildirib: “Əgər İran nüvə proqramı ilə bağlı razılığa gəlməyə qərar verməzsə, son dərəcə qeyri-sabit və təhlükəli bir rejim tərəfindən potensial hücumun qarşısını almaq üçün Dieqo Qarsiya və Fairford Hava Bazasından istifadə lazım ola bilər. Bu hücum həm Böyük Britaniyaya, həm də digər dost ölkələrə yönəlik ola bilər.”
Tramp əlavə edib ki, ABŞ hər zaman və hər şəraitdə Böyük Britaniyanın yanında olacaq, lakin İngiltərənin öz qarşısına çıxan çətinliklərə qarşı möhkəm dayanması vacibdir.
İngiltərənin bu qərarı, Trampın Çaqos Adalarını Mavrikiyə təhvil vermə razılaşmasını dəstəkləməkdən imtina etməsinə gətirib çıxarıb. Bu addım ABŞ və İngiltərə arasında hərbi əməkdaşlıq baxımından gərginlik yaradıb.
