ABŞ Prezidenti Donald Tramp administrasiyası, “təhlükəsizlik narahatlıqları” səbəbi ilə ölkədə kommersiya daşımaları həyata keçirən yük maşını sürücülərinə iş vizası verilməsini dayandırdıqlarını açıqlayıb.
Referans xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio sosial media platforması “X” üzərindən məsələ ilə bağlı bəyanat yayıb.
Ölkədə iri qoşqulu yük maşınlarını idarə edən xarici sürücülərin sayının artdığına diqqət çəkən Rubio, bunun “ABŞ vətəndaşlarının həyatını təhlükəyə atdığını və amerikalı yük maşını sürücülərinin dolanışığını zədələdiyini” bildirib:
“Dərhal qüvvəyə minmək şərtilə kommersiya yük maşını sürücüləri üçün bütün iş vizası müraciətlərini dayandırırıq”.
Apreldə imzalanan bir fərmanla, sabiq prezident Barak Obama dövründə qüvvəyə minmiş və ingilis dili bilməyən kommersiya sürücülərinin vəzifədən uzaqlaşdırılmasının qarşısını alan tətbiq ləğv edilmişdi.
Tramp isə fevralda imzaladığı Prezident fərmanı ilə ABŞ tarixində ilk dəfə ingilis dilini ölkənin rəsmi dili elan etmişdi.
ABŞ Dövlət Departamentinin dünən verdiyi açıqlamada isə etibarlı vizaya sahib olan 55 milyondan artıq şəxsin, miqrasiya qaydalarını vizanın ləğvinə və ya deportasiyaya səbəb olacaq şəkildə pozub-pozmadığının araşdırıldığı bildirilib.
Açıqlamada miqrasiya qaydalarını pozduğu müəyyən edilən şəxslərin vizasının ləğv edilə biləcəyi və ABŞ-də olan viza sahibinin deportasiya edilə biləcəyi qeyd olunub.
