Ağ Evdən dünyaya şok mesaj: Tramp İranı, İngiltərəni və Kubanı hədəf aldı

ABŞ Prezidenti Donald Tramp İran, Böyük Britaniya və Kubanı hədəf alan sərt açıqlamalarla beynəlxalq gündəmi silkələyib. Tramp İrana doğru hərəkət edən hərbi gəmilərin mövcudluğunu xatırladaraq hərbi müdaxilə ehtimalını istisna etmədiyini bildirib, Çinin Londonla mümkün əməkdaşlıqlarına qarşı xəbərdarlıq edib, Kuba ilə bağlı isə “yaşaya bilməyəcəklər” kimi qalmaqallı ifadə işlədib.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti bu açıqlamaları həyat yoldaşı Melania Trampın adını daşıyan “Melania” adlı filmin Vaşinqtonda, Kennedi Mərkəzində keçirilən qala nümayişinə qatılarkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

İrana açıq təhdid: “Ümid edirəm o gəmilərdən istifadə etməyə məcbur qalmarıq”

Son günlər İranla hər hansı təmasın olub-olmaması ilə bağlı suala cavab verən Tramp bildirib ki, Tehranla artıq danışıqlar aparıb və bu görüşləri davam etdirməyi planlaşdırır. Bununla yanaşı, o, hərbi variantın da gündəmdə olduğunu açıq şəkildə ifadə edib.

“Hazırda İrana doğru gedən çox böyük və çox güclü gəmilərimiz var. Ümid edirəm ki, onları istifadə etməyə məcbur qalmarıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp İranın nüvə proqramı və etirazçılara qarşı zorakılıqla bağlı mövqeyinin dəyişməli olduğunu bildirərək, Tehrana iki əsas tələb irəli sürdüyünü qeyd edib: “Onlara iki şey dedim. Birincisi, nüvə silahı olmayacaq. İkincisi isə etirazçıları öldürməyi dayandırın. Onlar minlərlə insanı qətlə yetirirlər. İki həftə əvvəl 837 edamın dayandırılmasına nail oldum. Bu qəbuledilməzdir və artıq konkret addımlar atmalıdırlar”.

ABŞ Prezidenti İran rəsmiləri ilə birbaşa təmasda olduğunu desə də, kimlərlə görüşdüyünə dair detalları açıqlamayıb. Ağ Ev də mövzu ilə bağlı əlavə şərh verməyib.

İngiltərəyə Çin xəbərdarlığı

Tramp çıxışı zamanı Böyük Britaniyanın Çinlə yeni əməkdaşlıq planlarına da münasibət bildirib. ABŞ Prezidenti bu cür addımların London üçün ciddi risklər yaratdığını vurğulayıb.

“Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün Çinlə iş görmək isə daha da təhlükəlidir. Kanada hazırda yaxşı vəziyyətdə deyil”, – deyə Tramp qeyd edib.

“Kuba yaşaya bilməyəcək”

ABŞ Prezidenti Kubayla bağlı açıqlamalarında isə daha da sərt mövqe nümayiş etdirib. O, Kubanı “uğursuz dövlət” adlandıraraq, ölkə rəhbərliyinin öz xalqına qarşı pis davrandığını iddia edib.

“Kuba üçün təəssüflənmək olar. Mən onları boğmağa çalışmıram, amma mövcud vəziyyətdə onların yaşaması çox çətin görünür”, – deyə Tramp bildirib.

Bununla yanaşı, Tramp Kubaya qarşı konkret addım da atıb. ABŞ Prezidenti Kubaya neft satan və ya bu prosesi təmin edən ölkələrdən idxal olunan məhsullara gömrük rüsumu tətbiqini nəzərdə tutan sərəncamı imzalayıb. Qərar Venesuela Prezidenti Nikolas Maduronun qaçırılması ilə bağlı əməliyyatdan sonra Kubanın ünvanına səsləndirdiyi təhdidlər fonunda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki