Məşhurlara qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində aktyor Doğukan Güngör saxlanılıb.
Referans Media xəbər verir ki, məşhurları hədəf alan narkotik əməliyyatı üzrə saxlanılanların sayı artıb. “Kızılcık Şerbeti” serialında “Fatih” obrazını canlandıran Doğukan Güngör də istintaq çərçivəsində polis tərəfindən nəzarətə götürülüb.
Son illərdə daha çox şəxsi həyatı ilə gündəmə gələn Güngörün saxlanılması ictimaiyyətdə geniş rezonans doğurub.
Xatırladaq ki, 18 dekabr tarixində Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar, Bakırköy və Esenyurtda yerləşən 7 ünvanda keçirilən eyni vaxtlı əməliyyatlar zamanı aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və müğənni Aleyna Tilki də saxlanılmışdı. Onlar ifadələri alındıqdan sonra sərbəst buraxılmışdı.
Bundan əvvəl barəsində axtarış qərarı çıxarılan Şeyma Subaşı da ölkəyə qayıdaraq hüquq-mühafizə orqanlarına ifadə vermişdi.
İstintaq tədbirləri davam etdirilir.
