Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı töhfələrini kiçik göstərdiyi üçün üzr istəməsini tələb edib.
Referans Media xəbər verir ki, Nazir Pistorius ARD televiziyasına açıqlamasında Trampın sözlərinin Amerika qüvvələri ilə çiyin-çiyinə döyüşərkən həyatını itirən müttəfiq əsgərlərə hörmətsizlik olduğunu bildirib və ABŞ prezidentinin üzr istəməli olduğunu vurğulayıb.
“Həlak olan əsgərlərin ailələrindən üzr istəmək nəzakətin, hörmətin və anlayışın göstəricisi olar”, – deyə Pistorius bildirib və Trampın açıqlamalarını “uyğunsuz və hörmətsiz” adlandırıb.
Bu mövzunu ABŞ-dakı həmkarı Pete Heqset ilə birbaşa müzakirə edib-etməyəcəyi sualına cavab verən Pistorius, “Əlbəttə, onu görən kimi bu barədə danışacağam”, – deyib.
ABŞ Prezidenti Donald Tramp ötən həftə Fox News-a verdiyi müsahibədə ABŞ-ın Əfqanıstanda NATO qüvvələrinə heç vaxt ehtiyac duymadığını iddia etmiş, müttəfiq qüvvələrin toqquşmalar zamanı cəbhədən uzaq durduğunu söyləmişdi.
Bu açıqlamalar 20 illik missiya müddətində itkilər verən, başda Danimarka, Almaniya və Böyük Britaniya olmaqla Avropalı müttəfiqlər arasında ciddi narazılıqla qarşılanıb.
Qeyd edək ki, 2001–2021-ci illərdə Əfqanıstandakı NATO missiyaları zamanı Almaniya 59, Böyük Britaniya 457, Danimarka isə 43 hərbçisini itirib.
