Almaniya və İngiltərə Baş Qərargah rəisləri Karsten Breuer və Riçard Nayton, Rusiyanın Ukrayna müharibəsindən dərs çıxardığını və silahlanmasını artıraraq Avropada müharibə riskini yüksəltdiyini açıqlayıblar.
Rus Silahlı Qüvvələri yenidən silahlanır
Referans Media xəbər verir ki, Breuer və Nayton “Guardian” və “Die Welt” qəzetlərində dərc olunan birgə məktubda bildirib ki, Rus Silahlı Qüvvələri, Ukrayna müharibəsindən dərs çıxararaq, NATO ölkələri ilə qarşıdurma riskini artıracaq şəkildə silahlanır və güclərini yenidən təşkil edir. Məktubda qeyd olunur: “Moskvanın hərbi olaraq güclənməsi, Ukraynada acı nəticələr verdiyi kimi, qitədə müharibə başlama riskini artırır və diqqətli olmağı tələb edən ciddi təhlükə yaradır.”
Avropanın təhlükəsizlik siyasəti dəyişməlidir
Baş Qərargah rəisləri bildiriblər ki, Avropanın üzləşdiyi təhdidlər səbəbindən müdafiə və təhlükəsizlik siyasətində dərhal dəyişikliklər edilməlidir. Onlar NATO çərçivəsində müdafiə xərclərinin ÜDM-in daha yüksək faizi səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Güc, təcavüzkarlığı əngəlləyir
Məktubda qeyd olunur ki, silahlanma “müharibə təhrikçiliyi” deyil, vətəndaşı və sülhü qorumaq üçün məsuliyyətli bir addımdır: “Güc təcavüzkarlığı əngəlləyir, zəiflik isə dəvət edir.”
Baş Qərargah rəisləri həmçinin Avropa üçün güclü hərbi sənaye və müdafiə infrastrukturuna ehtiyac olduğunu vurğulayıblar.
