Almaniyada həyat dayanır: Qırmızı alarm verildi – evdən çıxmayın!

Almaniyada hava temperaturu mənfi 20 dərəcəyə qədər düşüb, Alman Meteorologiya Xidməti (DWD) 9 əyalət üçün qırmızı alarm elan edib.

Referans Media xəbər verir ki, son illərin ən sərt qış fəsli ölkəni “Elli” alçaq təzyiq sistemi səbəbindən yaranan qar fırtınasının təsiri altına salıb. Ölkənin şimal və şərqində başlayan qar yağışı və fırtına nəticəsində DWD Schleswig-Holstein, Hamburg, Aşağı Saksonya, Berlin, Brandenburg, Saksonya-Anhalt, Mecklenburg-Vorpommern, Thüringen və Bavariya əyalətləri üçün cümə günü günorta saatlarına qədər intensiv qar yağışı və buzlanma barədə xəbərdarlıq yayıb.

Almaniya Federal Nəqliyyat Naziri Patrick Schnieder vətəndaşları son dərəcə diqqətli olmağa çağırıb. Schnieder bildirib ki, gözləniləndən daha güclü olan qar yağışı və buzlanma təhlükəsi səbəbindən insanlar yalnız zəruri olduqda hərəkət etməlidirlər. “Bəzi bölgələrdə vəziyyət çox təhlükəli ola bilər. İnsanlar bunu ciddi qəbul etməli və evdə qalmalıdır,” – deyə o vurğulayıb.

Hessen əyalətinin Daxili İşlər Naziri Roman Poseck isə avtomobillə zəruri olmayan səfərlərdən qaçmağı və velosiped istifadəsini tövsiyə etməyib. Şimal Reyn-Vestfaliya əyalətindəki Köln şəhər rəhbərliyi isə vətəndaşları güclü fırtına və qar səbəbindən ağaç budaqlarının düşmə riski ilə əlaqədar park və meşələrdən uzaq durmağa çağırıb. Almaniyada sərt soyuq hava və qar fırtınası səbəbindən Hamburg, Bremen və digər şimal şəhərlərində təhsil müvəqqəti dayandırılıb. Hamburgda cümə və şənbə günləri dəfn və yas mərasimləri ləğv edilib.

Oldenburg Toplu Nəqliyyat Şirkəti (VWG) intensiv qar yağışı və buzlanma təhlükəsinə görə bütün avtobus xətlərinin fəaliyyətini növbəti elanadək dayandırıb. Deutsche Bahn isə Hamburg və digər şimal şəhərlərinə qatar səfərlərində gecikmələr və ləğvlərin olacağını, səfər sayının azaldılacağını bildirib.

Sərt hava şəraiti səbəbindən Almaniya Baş Naziri Friedrich Merzin Mainz şəhərinə nəzərdə tutulan ziyarətləri ləğv olunub. Merz Xristian Demokrat İttifaqının (CDU) toplantısında iştirak etməyi planlaşdırırdı.

Alman Meteorologiya Xidməti bildirir ki, ölkədə oxşar sərt qış şəraiti sonuncu dəfə 2010-cu ildə müşahidə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki