ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ilini mənfi qiymətləndirir.
CNN telekanalının sifarişi ilə SRSS tərəfindən aparılan sorğuya görə, respondentlərin 58 faizi bu dövrü uğursuz hesab edir.
Sorğunun nəticələrinə əsasən, yalnız 36 faiz amerikalı Trampın düzgün strategiya seçdiyini düşünür. Halbuki onun ikinci müddətinin əvvəlində bu göstərici 45 faiz idi. Respondentlərin 58 faizi isə prezidentin səlahiyyətlərini aşdığını bildirir. Əhalinin yalnız təxminən üçdəbiri Trampın ölkə vətəndaşlarının maraqları naminə hərəkət etdiyinə inanır.
Amerikalılar üçün əsas problem iqtisadiyyat olaraq qalır. Bu mövzu digər bütün məsələlərdən təxminən iki dəfə çox qeyd edilib. Sorğuda iştirak edənlərin 55 faizi Trampın siyasətinin ölkədə iqtisadi vəziyyəti pisləşdirdiyini, 64 faizi isə prezidentin qiymət artımının qarşısını almaq üçün yetərli addımlar atmadığını düşünür. Maraqlıdır ki, tənqidi fikirlər respublikaçılar və “Make America Great Again” hərəkatının tərəfdarları arasında da geniş yayılıb. Onların bir qismi Trampdan daha fəal siyasət gözlədiklərini deyir.
Sorğu 9–12 yanvar tarixlərində ABŞ-da 1 209 yetkin vətəndaş arasında onlayn və telefon vasitəsilə keçirilib. Statistik xəta payı 3,1 faizdir.
Bundan əlavə, Reuters və Ipsos-un birgə keçirdiyi ayrıca sorğuya görə, Trampın fəaliyyətinin ümumi dəstək səviyyəsi 39 faiz təşkil edir. O, respublikaçı elektorat arasında güclü dəstəyini qoruyur. Demək olar ki, hər 10 respublikaçıdan 9-u onun fəaliyyətini bəyənir. Bununla yanaşı, Tramp demokratlar və müstəqil seçicilər arasında demək olar ki, etimad qazanmır. Onun prezidentliyini müsbət qiymətləndirənlər müstəqil seçicilər arasında 29 faiz, latın mənşəli amerikalılar və 35 yaşadək vətəndaşlar arasında isə təxminən 30 faiz təşkil edir.//Globalinfo.az























