Smartfon dəyişərkən istifadəçiləri ən çox narahat edən məsələlərdən biri məlumatların itirilməsi riskidir. Xüsusilə “Android” platformasından “iPhone 17” modelinə keçid zamanı kontaktlar, şəkillər və mesajların təhlükəsiz şəkildə köçürülməsi əsas sual olaraq qalır. Lakin 2026-cı ildə bu proses əvvəlki illərlə müqayisədə xeyli sadələşib.
Referans Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, məlumat ötürülməsinə başlamazdan əvvəl hər iki cihazın kifayət qədər enerji ilə təmin olunması vacibdir.
Eyni zamanda, yeni cihazın yaddaş həcmi köhnə telefondakı məlumatlardan azdırsa, bəzi faylların köçürülməsi mümkün olmaya bilər.
Köçürmə prosesinin əsas aləti isə “Move to iOS” tətbiqidir. Bu proqram vasitəsilə Android cihazdakı məlumatları yeni “iPhone”a birbaşa ötürmək mümkündür. Bunun üçün istifadəçi “iPhone”u ilkin qurulum mərhələsində işə salmalı, “Apps & Data” bölməsində “Move Data from Android” seçimini aktiv etməli və “Android” cihazda göstərilən kodu daxil etməlidir. Bundan sonra cihazlar arasında təhlükəsiz bağlantı yaradılır və məlumatların köçürülməsi başlayır.
Qeyd olunur ki, proses zamanı telefonlardan istifadə etmək, zənglərə cavab vermək və ya tətbiqdən çıxmaq köçürməni yarımçıq qoya bilər. Buna görə də əməliyyat başa çatana qədər gözləmək tövsiyə edilir.
Əksər hallarda kontaktlar, şəkillər, videolar, SMS mesajlar və təqvim məlumatları problemsiz şəkildə köçürülür. Həmçinin bir çox pulsuz tətbiqlər “Apple” mağazasında avtomatik olaraq alternativləri ilə əvəz olunur.
Bununla yanaşı, bəzi məlumatlar əlavə addımlar tələb edir. Məsələn, “WhatsApp” yazışmalarının köçürülməsi yalnız “iPhone”un ilkin qurulması zamanı mümkündür. Əgər cihaz artıq qurulubsa, bu məlumatları köçürmək üçün onu zavod ayarlarına qaytarmaq lazım gəlir. Digər tərəfdən, “WhatsApp Business” hesablarının köçürülməsi hazırda dəstəklənmir. Ödənişli tətbiqlər, musiqi faylları və sənədlər isə adətən manual şəkildə köçürülür.
Alternativ üsul kimi istifadəçilər “Google Photos” və “iCloud Photos” xidmətlərindən faydalana, həmçinin Telegram kimi bulud əsaslı tətbiqlərdə sadəcə hesablarına daxil olaraq məlumatlarını bərpa edə bilərlər.
Ümumilikdə, mütəxəssislər bildirirlər ki, düzgün addımlar izlənildiyi halda “Android”dən “iPhone 17″yə məlumat köçürülməsi 30-60 dəqiqə ərzində problemsiz başa çatır və istifadəçilər artıq platforma dəyişimini daha rahat şəkildə həyata keçirə bilirlər.sfera.az




















