Arda Güler ətrafında qalmaqal: Qolundakı gizli cihaz nədir?

Arda Güler ətrafında yayılan iddialara aydınlıq gətirilib.

Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasının son turunda “Real Madrid”in “Monako” üzərində 6:1 hesablı möhtəşəm qələbəsi Arda Güler üçün də yaddaqalan olub. Gənc futbolçu meydandakı inamlı çıxışı ilə diqqət çəksə də, matçdan sonra əsas müzakirə mövzusu onun sağ qolunda görünən ağ rəngli cihaz olub.

Diqqətli tamaşaçıların gözündən yayınmayan bu detal sosial şəbəkələrdə müxtəlif fərziyyələrin yayılmasına səbəb olub. Bəzi istifadəçilər Arda Gülerin şəkərli diabet xəstəsi ola biləcəyi ilə bağlı iddialar irəli sürdülər. Lakin yayılan bu məlumatların həqiqəti əks etdirmədiyi tezliklə məlum olub.

Məsələ ilə bağlı Fransanın nüfuzlu “L’Équipe” nəşri futbolçunun yaxın çevrəsinə istinadən açıqlama yayıb. Bildirilib ki, Arda Gülerin qolunda daşıdığı sensor hər hansı xəstəliklə əlaqəli deyil və yalnız nəzarət–monitorinq məqsədi daşıyır.

Məlumata görə, sözügedən cihaz futbolçunun fiziki göstəricilərini izləmək üçün istifadə olunur. Arda Güler bədənindəki yüklənməni, yuxu rejimini, ürək döyüntülərini və digər tibbi parametrləri mütəmadi nəzarətdə saxlayır. Hətta futbolçunun digər qolunda gözlə görünməyən əlavə sensorun, meydandan kənarda isə xüsusi ağıllı biləkliyin olduğu da qeyd edilir.

Bu texnoloji nəzarət sistemi ona qidalanma rejimini, xüsusilə də karbohidrat balansını dəqiq tənzimləməyə imkan verir. Yaxın mənbələrin vurğuladığı kimi, Arda Gülerin sağlamlıq durumu ilə bağlı heç bir problem yoxdur və onun futbolla məşğul olmasına maneə törədən hər hansı tibbi hal mövcud deyil.

Qeyd edək ki, bu tip texnoloji cihazlardan peşəkar idmanda, xüsusən də velosiped və atletika kimi sahələrdə geniş istifadə olunur. UEFA-nın mövcud qaydalarında isə futbolçuların bu cür nəzarət cihazlarından istifadəsinə dair hər hansı qadağa yer almır. Bu baxımdan, Arda Gülerin davranışı qaydalara tam uyğundur.

“Real Madrid”in fiziki hazırlıq üzrə mütəxəssisi Antonio Pintusun yenidən komandaya qoşulması ilə klubda futbolçuların fiziki durumu, bərpa prosesi və qidalanma məsələlərinin daha da yüksək səviyyədə nəzarətə götürüləcəyi gözlənilir.

Beləliklə, Arda Güler ətrafında yayılan iddialar əsassız çıxıb və gənc ulduz karyerasını sağlam şəkildə davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki