2026-cı il Dünya Kubokunun başlamasına saatlar qalmış İspaniyanın nüfuzlu idman nəşri "MARCA" turnirdə iştirak edən 48 komandanın potensialını təhlil edib.
Referans Media xəbər verir ki, nəşr Türkiyə millisinin diqqət çəkən futbolçusu kimi Arda Güleri deyil, Kenan Yıldızı seçib.
"MARCA"nın təhlilində qeyd olunur ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandanı həm Avropa çempionatına, həm də Dünya Kubokuna daşıyan ikinci məşqçi kimi tarixə düşüb.
Nəşr italiyalı mütəxəssisin taktiki çevikliyini, müdafiədə nizam-intizamı və hücum futboluna üstünlük verməsini komandanın vacib üstünlüklərindən biri kimi qiymətləndirib.
İspan nəşrinə görə, Türkiyə millisinin əsas gücü gənc nəslin yüksək texniki keyfiyyətidir.
Xüsusilə Kenan Yıldızın seçmə mərhələdə nümayiş etdirdiyi fərdi oyun diqqət mərkəzində olub. "MARCA" qeyd edir ki, onun driblinq bacarığı və rəqib müdafiəni yarmaq qabiliyyəti Türkiyə üçün vacib silahlardan biridir.
Bundan əlavə, Hakan Çalhanoğlu və Arda Gülerin məhsuldar ötürmələri komandanın hücum potensialını artıran amillər kimi göstərilib.
"MARCA" Türkiyə millisinin əsas çatışmazlığının Dünya Kuboklarındakı təcrübə azlığı olduğunu vurğulayıb.
Nəşrin fikrincə, Türkiyə 2002-ci ildə əldə etdiyi tarixi uğurdan sonra uzun illər mundiallardan kənarda qalıb və bu amil turnirdə müəyyən çətinliklər yarada bilər.
Həmçinin seçmə mərhələdə vurulan qolların çoxsaylı futbolçular arasında bölüşdürülməsi komandada sabit və əsas qolçunun olmaması kimi qiymətləndirilib.
"MARCA" Türkiyə millisində xüsusi diqqət yetirilməli futbolçu kimi Kenan Yıldızı göstərib.
Hazırda "Yuventus"un formasını geyinən 20 yaşlı hücumçunun topa nəzarət, sürətli driblinq və cinahdan təhlükə yaratmaq bacarıqları ön plana çıxarılıb.
Nəşr hesab edir ki, Kenan Yıldız və Arda Güler birlikdə Türkiyə futbolunun yeni "qızıl nəslinin" simvollarına çevriliblər.
Türkiyə milli futbol komandası D qrupunda mübarizə aparacaq.
Komanda qrupu zonasında:
Avstraliya milli futbol komandası
Paraqvay milli futbol komandası
ABŞ milli futbol komandası
