İngiltərə Premyer Liqasının 28-ci turunda “Arsenal” öz meydanında “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.
Referans Media xəbər verir ki, Londonun “Emirates Stadium” stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. Oyunda hesab 21-ci dəqiqədə Vilyam Salibanın qolu ilə açılıb. Fasilədən sonra, 66-cı dəqiqədə Currien Timber fərqi artırıb. Əlavə vaxtda “Arsenal”ın futbolçusu Pyero İnkapie topu öz qapısından keçirərək hesabı 2:1-ə çatdırıb. Qeyd edək ki, matçdakı hər üç qol künc zərbəsindən vurulub. Görüşün 70-ci dəqiqəsində “Çelsi”nin yarımmüdafiəçisi Pedro Neto ikinci sarı vərəqəni alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.
Bu nəticədən sonra “Arsenal” 25 yanvardan bəri məğlubiyyət üzü görməyib. Komanda son 9 oyunda 7 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. London təmsilçisi 29 oyundan topladığı 64 xalla turnir cədvəlinə başçılıq edir. “Çelsi” isə 28 oyundan 45 xalla altıncı pillədə qərarlaşıb. Qeyd edək ki, növbəti turda “Arsenal” martın 4-də səfərdə “Brayton”la, “Çelsi” isə həmin gün səfərdə “Aston Villa” ilə üz-üzə gələcək.























