Bakı şəhəri Xətai rayonu Yeni Günəşli massivində yerləşən Ə.A.Eyvazov adına 275 nömrəli tam orta ümumtəhsil məktəbinin maraqlı “beynəlxalq əlaqə”ləri var imiş. Hüseynov Elnur İsmayıl oğlunun direktoru olduğu bu təhsil müəssisəsinə “saxtakarlıq üzrə 2025-ci ilin məktəbi” adını vermək olar.
Bu məktəbin Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, “Palmali Holding”in himayəsində olan Mübariz İbrahimov adına Təhsil Kompleksi öyrənciləri ilə müəmmalı iş birliyi ortaya çıxıb. Aygün Həsənoğlunun rəhbəri olduğu “okul”un bir neçə şagirdinə 275 nömrəli məktəbin attestatları verilib. Amma işbazlar nə qədər ehtiyatla iş görsələr də kələfin ucunu gizlədə bilməyiblər. Beləki, kamal attestatlarında adları qeyd olunmuş şəxslər həmin vaxt Azərbaycan ərazisində olmadıqlarına görə onların hər hansı sənədi götürməsi də mümkün deyil.
Bu şagirdlər o zaman Türkiyədə olublar. Sərhəddi keçmədən attestatı necə alıblar? Bunu 275 nömrəli məktəbin rəhbərliyi necə izah edə bilər? Maraqlıdır, M.İbrahimov adına Təhsil Kompleksi ilə Bakıdakı 275 nömrəli məktəbi görəsən kim və nə birləşdirir? Bu təşəbbüs şagirlərin, valideynlərin özləri, yoxsa M.İbrahimov adına Təhsil Kompleksi rəhbərliyi tərəfindən irəli sürülüb? Bu suallara Elm və Təhsil Nazirliyi, əlaqədar təşkilatlar aydınlıq gətirsə, yaxşı olar. Aygün Həsənoğlu, onun hamisi Mübariz Mənsimovun da mövqeyini bilsək, pis olmaz.
Təhsil gələcəyimizdirsə, təhsildə saxtakarlıq gələcəyimizə vurulan zərbədir. Öz əməlləri ilə müəllim adına ləkə gətirənləri müəyyən edib qanuna müvafiq olaraq cəzalarını vermək lazımdır ki, başqalarına da dərs olsun.
Sima Babayeva
