Avropa Parlamenti Google əvəzinə Qwant axtarış sisteminə keçir

Avropa Parlamenti rəqəmsal müstəqillik strategiyası çərçivəsində qurumun kompüterlərində standart axtarış sistemi kimi Google əvəzinə Fransanın Qwant axtarış sistemindən istifadə etməyə başlayıb.

Qərara əsasən, dəyişiklik avtomatik tətbiq olunacaq, lakin istifadəçilər istədikləri halda başqa axtarış sistemlərini seçə biləcəklər.

2013-cü ildə Fransada yaradılan Qwant istifadəçi məlumatlarını izləməməsi və şəxsi məlumatlardan reklam məqsədilə istifadə etməməsi ilə tanınır.

Bu addım Avropa İttifaqının xarici rəqəmsal texnologiyalardan asılılığı azaltmaq və Avropa mənşəli rəqəmsal xidmətləri dəstəkləmək strategiyasının bir hissəsi hesab olunur. Qurumda 10 mindən çox əməkdaş və parlament köməkçisi çalışır.

Bundan əlavə, Avropa Komissiyası yarımkeçiricilər, süni intellekt, bulud texnologiyaları və açıq mənbəli proqram təminatı sahələrində xarici asılılığı azaltmağı hədəfləyən yeni planını da təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki