Avropa İttifaqı və üzv ölkələr uşaqların və yeniyetmələrin sosial mediada nəzarətsiz vaxt keçirməsi ilə bağlı yaş məhdudiyyətləri və yeni qaydalar üzərində işi sürətləndirib. İspaniya Baş naziri Pedro Sançesin 16 yaşdan aşağı şəxslərin sosial mediaya girişinin qadağan edilə biləcəyini açıqlamasından sonra mövzu Avropada yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, AB Komissiyası üzv ölkələrin bu təşəbbüslərini dəstəkləyir və Birlik üzrə vahid yaş doğrulama sistemi üzərində çalışır. Avropa Parlamenti isə sosial mediaya giriş üçün 16 yaş həddi müəyyən edilməsini tövsiyə edən hesabatı qəbul edib. Sənəddə 13–16 yaşlı uşaqların yalnız valideyn icazəsi ilə platformalara daxil olması təklif olunur.
Bir çox ölkədə artıq konkret addımlar atılıb:
Fransa və Yunanıstan 15 yaşdan aşağılar üçün məhdudiyyətlər tətbiq edir,
Danimarka və İtaliya valideyn nəzarətini gücləndirir,
İspaniya 16 yaş məhdudiyyəti planlaşdırır,
Almaniya, Avstriya, Belçika və digər ölkələr yeni qanun layihələri üzərində işləyir.
Sosial media platformaları uşaqlar üçün zərərli məzmun, rəqəmsal zorakılıq və asılılıq yaratmaqda ittiham olunur. Bu səbəbdən AB-də Dijital Xidmətlər Aktının (DSA) daha sərt və sürətli tətbiqi tələb edilir.
İspaniyanın planlarına Elon Mask və Telegram-ın qurucusu Pavel Durov sərt reaksiya versə də, Sançes tənqidlərə baxmayaraq geri addım atmayacaqlarını bildirib.
