Avropanın bir çox ölkəsində güclü qar yağışı və buzlanma ciddi fəsadlara yol açıb. Baş verən yol-nəqliyyat hadisələri nəticəsində Fransada 5, Bosniya və Herseqovinada isə 1 nəfər həyatını itirib.
Referans Media xəbər verir ki, qitə üzrə təsirini davam etdirən qar fırtınası xüsusilə Fransada vəziyyəti ağırlaşdırıb. Ölkənin cənub-qərbində yerləşən Land bölgəsində buzlanma səbəbindən baş verən iki ayrı qəzada 3 nəfər ölüb. Paris ətrafında isə qarla əlaqədar yol qəzalarında daha 2 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Fransanın nəqliyyat naziri Filip Tabaro bu gün ölkə ərazisində qar yağışının daha da güclənəcəyini açıqlayaraq vətəndaşları mümkün qədər səfərlərdən çəkinməyə və evdən işləməyə çağırıb. Fransa Milli Meteorologiya Xidməti isə qar və buzlanma səbəbindən 38 bölgədə “narıncı xəbərdarlıq” elan ediləcəyini bildirib. Bir sıra bölgələrdə çoxsaylı qatar reysləri ləğv edilib.
Qar fırtınası hava nəqliyyatına da mənfi təsir göstərib. Parisdəki “Roissy–Charles de Gaulle” hava limanında uçuş-enmə zolaqlarının təmizlənməsi səbəbindən səhər saatlarında reyslərin 40 faizi ləğv olunub. “Paris-Orly” hava limanında isə uçuşların 24 faizi həyata keçirilməyib.
Hollandiyanın “Amsterdam Schiphol” hava limanında da bu gün 400-dən çox reys ləğv edilib. Yüzlərlə sərnişin hava limanında qalıb, aviaşirkət kassalarının qarşısında uzun növbələr yaranıb.
Almaniyanın cənub və şərq bölgələrində havanın temperaturu mənfi 10 dərəcəyədək enib. Cümə günü ölkənin şimal və şərqində güclü qar yağışı və fırtına gözlənildiyi açıqlanıb. Böyük Britaniyada isə temperatur mənfi 12,5 dərəcəyə düşüb. Güclü qar yağışı dəmir yolu, avtomobil və hava nəqliyyatında ciddi problemlərə səbəb olub, ölkənin şimal bölgələrində tədris müvəqqəti dayandırılıb.
Bosniya və Herseqovinada 1 nəfər ölüb
Balkan ölkələrində də əlverişsiz hava şəraiti hökm sürür. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda qarın qalınlığı 40 santimetrə çatıb. Polis məlumatına görə, şəhərdə qarın ağırlığına tab gətirməyən ağacın üzərinə aşması nəticəsində 1 qadın ölüb.
