Türkiyə mətbuatında “Fənərbaxça” ilə razılığa gəldiyi iddia olunan Serj Qirasi barədə yayılan xəbərlər təkzib edilib.
Referans Media xəbər verir ki, futbolçunun həm meneceri, həm də qardaşı olan Karamba Qirasi Almaniyanın "Sky" nəşrinə açıqlamasında transfer xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib.
Karamba Qirasi qeyd edib ki, qardaşı hazırda gələcək karyerası ilə bağlı bütün variantları dəyərləndirir və "Fənərbaxça" ilə hər hansı prinsipial razılaşma əldə olunmayıb.
“"Fənərbaxça" ilə razılaşmamız yoxdur. Serj növbəti mövsümlə bağlı bütün ehtimalları nəzərdən keçirir. Prinsipial anlaşma əldə olunduğu barədə yayılan xəbərlər doğru deyil”, – deyə menecer bildirib.
Son dövrlərdə adı bir sıra Avropa və Türkiyə klubları ilə hallanan Qvineya millisinin hücumçusu hazırda “Borussiya Dortmund”un əsas qol silahlarından biri hesab olunur.
2024-cü ildən Dortmund klubunun formasını geyinən Qirasi bu müddətdə 96 rəsmi oyunda meydana çıxaraq 60 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun yüksək performansı futbolçunu transfer bazarının ən çox diqqət çəkən hücumçularından birinə çevirib.
