“Ayntraxt” üzərində tarixi qələbə: “Qarabağ” pley-off şanslarını artırdı

“Qarabağ”ın Avropa arenasında Almaniya təmsilçisi “Ayntraxt” üzərində qazandığı qələbə həm azarkeşlər, həm də futbol ictimaiyyəti üçün yaddaqalan olub. Bu nəticə təkcə turnir cədvəli baxımından deyil, həm də Azərbaycan futbolu tarixində xüsusi əhəmiyyət daşıyır.

Referans Media-ya açıqlama verən idman jurnalisti Azad Nuriyev bildirib ki, “Qarabağ”ın “Ayntraxt” üzərində qazandığı qələbə həm sevindirici, həm də gözlənilməz nəticə olub. Onun sözlərinə görə, bu, Azərbaycan klubunun Almaniya təmsilçiləri üzərində ilk qələbəsidir və belə vacib oyunda əldə olunması ikiqat dəyər daşıyır.

Azad Nuriyev qeyd edib ki, “Ayntraxt” oyunun ilk dəqiqələrindən zəif təsir bağışlayıb. Rəqib komanda iki qol vurmasına baxmayaraq, xüsusi bir oyunla yadda qalmayıb. “Qarabağ” isə matça tam fokuslanmış şəkildə çıxıb. Həm nəticə, həm də növbəti mərhələyə yüksəlmək baxımından bu qarşılaşma komanda üçün son şans idi. İngiltərə səfəri öncəsi doğma meydanda qələbə mütləq hesab olunurdu və 2:2 hesabı heç bir tərəfi qane etmirdi. Məhz bu səbəbdən Ağdam təmsilçisi son dəqiqəyə qədər mübarizə apararaq layiq olduğu 3 xalı qazanıb və pley-off şanslarını artırıb.

İdman jurnalistinin sözlərinə görə, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı əvvəlcədən stabil olmayıb. İlk iki turda qazanılan xallar komandanı müəyyən qədər arxayınlaşdırıb və bu, TOP-5 liqa təmsilçilərinə qarşı oyunlarda özünü göstərib. “Napoli”, “Atletik” və “Ayaks”la matçlarda uğursuzluqlar, “Çelsi” ilə isə heç-heçə qeydə alınıb. Xüsusilə Niderland klubuna böyük hesabla məğlubiyyətdən sonra azarkeşlərin komandaya inamında azalma hiss olunub. “Ayntraxt” üzərindəki qələbə isə “Qarabağ”ın öz gücünü yenidən nümayiş etdirməsinə imkan verib. Jurnalist vurğulayıb ki, “Liverpul”la qarşıdakı oyun həlledici olacaq.

Azad Nuriyev transfer məsələlərinə də toxunaraq bildirib ki, bu barədə qəti fikir söyləmək çətindir. Baş məşqçi Qurban Qurbanov transferlə bağlı nikbin açıqlamalar versə də, maliyyə amili klubun transfer siyasətində əsas rol oynayır. Onun fikrincə, qış transfer dövründə ən azı bir yeni futbolçunun komandaya cəlb olunması mümkündür, lakin büdcə təkcə transferlər üzərində qurulmur.

Jurnalist əlavə edib ki, “Qarabağ”da gələcək gedişat futbolçuların taleyindən də asılı olacaq. Yayda bəzi oyunçuların komandadan ayrılması ehtimalı var və bu halda yeni transferlərin adaptasiyası vaxt apara bilər. Əgər heyət qorunub saxlanılarsa, komandanın daha stabil çıxış edəcəyi gözlənilir. O xatırladıb ki, “Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində uğursuz nəticələrlə yadda qalsa da, Çempionlar Liqasında tamamilə fərqli performans sərgiləyir. Altı ay əvvəl püşkatma zamanı azarkeşlərin əksəriyyəti 10 xal barədə düşünmürdü, lakin hazırda komanda tarixi nəticədən cəmi bir addım uzaqdadır.

Azad Nuriyev ümidvar olduğunu bildirib ki, “Qarabağ” İngiltərədə də uğurlu nəticə qazanaraq Azərbaycan futbolu tarixində yeni bir səhifə açacaq.Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki