Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
Bəs görəsən Azərbaycanın İranla quru sərhədlərin açılması mümkündür? Bu baş verərsə hansı şərtlərlə həyata keçirilə bilər?
Quru sərhədlərin piyada keçid üçün bağlı qalma müddəti Baş nazirin imzaladığı qərara əsasən 1 aprel tarixinədək uzadılıb. Qeyd olunur ki, bu qərar hər hansı konkret ölkə ilə bağlı qəbul edilməyib və Azərbaycan Respublikasının bütün qonşu ölkələrlə olan quru sərhədlərinə şamil olunur.
Referans Media-ya açıqlama verən deputat Azər Badamov bildirib ki, bu baxımdan İranla quru sərhədin açılması ayrıca müzakirə mövzusu deyil. Onun sözlərinə görə, quru sərhədlər ya bütün qonşu dövlətlər üçün eyni vaxtda açılacaq, ya da bağlı qalma qərarı uzadılacaq. Deputat qeyd edib ki, bu səbəbdən İranla quru sərhədi üzrə sərnişin daşımalarının bərpası ilə bağlı texniki qiymətləndirmə və ya digər müzakirələrin aparılması hazırkı mərhələdə aktual hesab edilmir.
Gülnaz Abdullazadə
