Azərbaycanda hava şəraitində kəskin dəyişiklik gözlənilir. Sinoptiklər yaxın günlərdə yağıntıların artacağını, bəzi bölgələrdə isə qar və sel riskinin yüksələcəyini bildirir.
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, ölkə ərazisinə Aralıq dənizi siklonları daxil olacaq və bunun nəticəsində temperaturda kəskin dəyişiklik müşahidə olunacaq.
Onun sözlərinə görə, əksər rayonlarda yağış yağacaq, yağıntılar arabir intensiv xarakter alacaq. Xüsusilə Böyük Qafqaz bölgəsində yağıntıların daha çox olacağı, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Meteoroloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, yağışın zaman-zaman intensivləşəcəyi proqnozlaşdırılır.
Cavidan Əliyev əlavə edib ki, yağıntıların çox olması səbəbindən Böyük və Kiçik Qafqazın çaylarında suyun səviyyəsinin artacağı, bəzi ərazilərdə isə sel keçməsi riskinin yüksək olduğu bildirilir.
Onun sözlərinə görə, proses aprelin 4-dən başlayaraq daha da aktivləşəcək. “Sabahdan etibarən yağışlar başlayacaq və əsasən axşam saatlarında daha intensiv xarakter alacaq”, – deyə meteoroloq vurğulayıb.
Mütəxəssis əhaliyə hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayanların ehtiyatlı olmasını tövsiyə edib.
Gülnaz Abdullazadə.
