Azərbaycanda vəba təhlükəsi varmı? Rəsmi qurumdan AÇIQLAMA

Azərbaycanda vəba xəstəliyi ilə bağlı epidemioloji vəziyyətin gərginləşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi mövcud durumla bağlı rəsmi açıqlama verib.

Referans Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, hazırda Azərbaycan Respublikasında vəba xəstəliyi ilə bağlı hər hansı epidemioloji təhlükə mövcud deyil və vəziyyət tam nəzarət altındadır. Onun sözlərinə görə, aparılan uzunmüddətli müşahidə və laborator müayinələrin nəticələrinə əsasən ölkə ərazisində illərdir vəba törədiciləri aşkar olunmayıb.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin 12 iyun 2019-cu il tarixli əmrinə əsasən respublika ərazisində vəba xəstəliyinə qarşı mütəmadi və genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir. Hər il may ayından sentyabr ayının sonunadək ölkə üzrə su hövzələri üzərində sistemli monitorinqlər aparılır, götürülən nümunələr ayda iki dəfə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında müayinə olunur.

Açıqlamada bildirilib ki, beynəlxalq səyahətlər zamanı yoluxucu xəstəliklərin yayılma riski nəzərə alınaraq ölkəyə daxil olan və ölkədən çıxan şəxslərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır. Epidemioloji baxımdan riskli hesab olunan ölkələrdən infeksiyanın daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-buraxılış məntəqələrində və ölkə daxilində gücləndirilmiş sanitariya-epidemioloji nəzarət tədbirləri həyata keçirilir.

Vurğulanıb ki, vəba əsasən törədici ilə çirklənmiş su və qida məhsullarının qəbulu, həmçinin məişət-təmas yolu ilə yayılır və yoluxmadan adətən 12 saatdan 5 günədək müddətdə özünü göstərə bilər.

Əsas kliniki əlamətlərə güclü sulu ishalın (düyü həliminə oxşar), qusmanın, bədənin sürətli susuzlaşmasının, halsızlığın və qıcolmaların daxil olduğu qeyd olunub. Belə hallarda dərhal tibbi müraciət tövsiyə edilir. Bildirilib ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində müvafiq laborator müayinələrin aparılması üçün bütün imkanlar mövcuddur.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki