İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-yə daxil olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin müəyyən hissəsini güzəştli şərtlərlə satışa çıxarır.
Referans xəbər verir ki, hər birinin nominal dəyəri 2 manat olan ümumilikdə 1 milyon 413 min 5 ədəd səhm əmək kollektivinə təklif ediləcək ki, bu da müəssisənin ümumi səhmlərinin 15 faizinə bərabərdir.
Güzəştli satış hüququna müəssisədə əsas iş yeri olan əməkdaşlar, əvvəlki iş yerinə qayıtmaq hüququna malik şəxslər, zavodda 7 ildən artıq çalışmış və təqaüdə çıxmış işçilər, habelə 1 yanvar 1995-ci ildən sonra ixtisar səbəbindən işdən azad edilərək işsiz statusu qazanmış şəxslər sahib ola biləcəklər.
Sifarişlər 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixləri arasında müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən qəbul ediləcək. Satışda iştirak etmək istəyən şəxslər “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, investisiya şirkətlərində depo hesabı açmalıdırlar.
Güzəştli satış prosesi başa çatdıqdan sonra 17 oktyabr tarixində zavodda ümumi yığıncaq keçiriləcək və nəticələr təsdiqlənəcək. Yekun sənədlər isə Hərracların Təşkili Mərkəzinə təqdim ediləcək. Müəyyən səbəblərdən satışın həyata keçirilmədiyi halda, səhmlər mövcud qanunvericiliyə uyğun şəkildə dəyərləndiriləcək.
Bu addımın məqsədi zavod əməkdaşlarının müəssisənin idarəçiliyində pay sahibi olmalarını təşviq etmək və istehsalın inkişafında motivasiyanı artırmaqdır.(Valyuta.az )
