Sverdlovsk vilayətində iş adamı dostunu 2 milyon rubl borca görə balta ilə qətlə yetirib.
Referans.az xəbər verir ki, bu barədə “Ural.kp” məlumat yayıb.
Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti bildirib, 2025-ci il oktyabrın 25-nə keçən gecə kafedə aşpaz işləyən 30 yaşlı Pavel T. adlı şəxs Zareçnı şəhərciyindən olan 49 yaşlı iş adamı İlqar Xandanovu qətlə yetirib.
Məlumata görə, onlar oktyabrın 24-ü axşam Zareçnıda görüşüb Pavelin evinə yollanıblar. Burada İlqarın Pavelə borc verdiyi iki milyon rubla görə mübahisə yaranıb. İş adamının qohumu bildirib ki, İlqar Xandanov getməyə hazırlaşarkən Pavel onun başına arxadan balta ilə zərbə endirib. Nəticədə o, hadisə yerində keçinib.
Şübhəli şəxs mərhumun “Mersedes” markalı avtomobilini meşəyə aparıb, evə qayıtdıqdan sonra meyiti başqa nəqliyyat vasitəsi ilə kənddən çıxarıb və magistral yolun kənarında gizlədib. Sonra o, qətl silahı olan baltanı yol kənarına ataraq evə qayıdıb.
Təqsirləndirilən şəxs saxlanılaraq dindirilib. Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin sözlərinə görə, Pavel ifadə zamanı nəinki dostunun qətlində əli olmadığını, hətta onun öldürülməsindən ümumiyyətlə xəbərsiz olduğunu deyib. Lakin onun yalanı üzə çıxarılıb. Pavelin hətta dindirilmə zamanı qətlin təfərrüatlarını danışarkən ağladığı bildirilir.
“Qurbanın cəsədi qətl yerindən təxminən 30 kilometr aralıda – Yekaterinburqda gizlədilib, görünməməsi üçün ətrafına təkərlər düzülüb. Qurbanı daşıdığı “Lada” avtomobili aseton və benzinlə təmizlənib”, – polkovnik Valeri Qorelix bildirib.
Rusiyanın Sverdlovsk vilayətində 49 yaşlı azərbaycanlı iş adamı İlqar Xandanovun meyiti tapılıb.
Referans.az xəbər verir ki, bu barədə “E1.RU” məlumat yayıb.
İş adamının oktyabrın 24-dən itkin düşdüyü bildirilir.
Nəşr yazır ki, Xandanov itkin düşməmişdən qısa müddət əvvəl kimsə ona zəng edib. İş adamı uca səslə həmin şəxslə danışıb. Ertəsi gün onun “Mersedes” markalı avtomobili üzərində qan izləri ilə meşədə tapılıb.
Faktla bağlı cinayət işi açılıb, Xandanovun qətlə yetirilmə ehtimalı araşdırılır./Globalinfo.az
