Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin “28 May” və “Cəfər Cabbarlı” metrostansiyaları arasında yeni sərnişin tuneli və pilləkənin tikintisi davam edir. Paytaxt sakinlərinin uzun müddətdir gözlədiyi layihənin yay aylarında istifadəyə verilməsi planlaşdırılır. Yeni keçidin istismara verilməsi sərnişin axınının daha rahat və sürətli təşkilinə imkan yaradacaq.
Məsələ ilə bağlı Bakı Metropoliteni Referans Media-nın sorğusunu cavablandırıb. Qurumdan bildirilib ki, “Cəfər Cabbarlı” stansiyası ilə “28 May” stansiyasını birləşdirən sərnişin tunelinin istifadəyə verilməsi yay aylarında nəzərdə tutulur. Hazırda tuneldə piyada pilləkənlərinin inşası aparılır. Xətlərin ayrılması layihəsi çərçivəsində bu tunelin tikintisi başa çatan ilk iş olacaq.
“Hazırda qazıntı işləri başa çatdıqdan sonrakı mərhələnin tədbirləri icra olunur. Tunel divarı boyunca metal konstruksiyalar qurularaq betonlanma işləri aparılır.
Eyni zamanda piyada pilləkənlərinin quraşdırılmasına da başlanılıb. Son mərhələdə isə divar və döşəmə üzlükləri vurulacaq. Bununla həm sahənin dayanıqlığı, həm də estetik görünüşü ən yüksək səviyyədə təmin ediləcək. Bütün işlərin iyul ayının sonuna qədər başa çatdırılaraq tunelin istifadəyə verilməsi nəzərdə tutulub”, – deyə məlumatda qeyd olunub.
