Bakıda bu heykəlin yeri dəyişdirilməlidir – Anar

“Prezident İlham Əliyevin orta və ali təhsilini rus dilində almasına baxmayaraq, Azərbaycan dilində son dərəcə yüksək səviyyədə danışması xüsusi diqqət çəkir”.

Referans Media  xəbər verir ki, bu fikirləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, dili qorumaq və yaşatmaq məsələsində yazıçıların rolu danılmazdır:

“Əsrlər boyunca dilimizin qorunmasında Şah İsmayılın böyük xidməti olub. XIX əsrdə Mirzə Fətəli Axundzadə altı komediyasını ana dilimizdə qələmə alaraq bu işə töhfə verib. XX əsrdə isə Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsəri ilə xalqımızın öz dilində oxumasına mühüm dəstək göstərib.

Digər bir məsələyə də diqqət çəkmək istəyirəm. Azərbaycanda niyə bütün dükanlar market adlandırılır? Deyirlər ki, turistlər üçün. Amma bu, doğru addım deyil. Turist görmür ki, bu dükanda paltar yoxsa, meyvə-tərəvəz satılır?!”

Anar Rzayev Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsini təklif edib:

“Çünki bu heykəlin qarşısında restoran açılıb. Bu da məntiqsizdir. Heykəl Azərbaycan Pedaqoji Universitetin ərazisində olmalıdır. Tariximizdə heykəllərin yerini dəyişdirmək kimi praktikamız var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki