Həbs ediləcəyini bilən şəxs məhkəməyə alt paltarında narkotik vasitə gətirib. Bu maraqlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.
Referans xəbər verir ki, 53 yaşlı Qalib Abbasov külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq hakim önünə çıxarılırmış. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən ərəfədə Qalib Abbasov həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilibmiş.
Məhkəmə proseslərinə evdən gəlib-gedən Qalib Abbasov həbs ediləcəyini bildiyi üçün sonuncu prosesə “hazırlıqlı” gəlib. Narkotik istifadəçisi olan Qalib Abbasov həbs ediləcəyi halda cəzaçəkmə müəssisəsinə aparmaq məqsədi ilə əldə etdiyi narkotiki alt paltarına tikdiyi gizli cibin içərisinə yerləşdirilib.
Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və barəsində həbs qətimkan tədbiri seçilən Qalib Abbasov Penitensiar Xidmətin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb.
Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Qalib Abbasovun üzərinə baxış keçirilən zaman əynində olan alt paltarının içəri tərəfində kustar üsulla tikilmiş cibindən narkotik aşkarlanıb.
Baxış zamanı onun üzərindən 5,6 qram külli miqdarda narkotik vasitə heroin, 1,5 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və 5 ədəd metadon həbləri aşkar edilib.
Qalib Abbasov ifadəsində ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini deyib. Bildirib ki, həbsxanaya keçirmək istədiyi narkotik vasitə onu sadəcə bir həftə görəcəkmiş.
Bu əməlinə görə isə Qalib Abbasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəl aldığı 6 il 6 ay həbs cəzası ilə yeni cəzası birləşdirilib. Onun üzərində qəti olaraq 7 il həbs cəzası saxlanılıb.
//musavat.com