Bakıda satılan BMW-lərlə bağlı müəmma — AÇIQLAMA

Azərbaycanda satılan BMW-lərlə bağlı müəmmalı vəziyyət yaranıb. Belə ki, bazarda ən ucuzu 26, 27 min olan 5 və 3-cü seriya ( müvafiq olaraq F10 və F30 gövdə) BMW-lər sosial şəbəkələrdə 19, 20 minə təqdim olunur. Alıcılar real vəziyyəti ayrıd etməkdə çətinlik çəkirlər.

Referans Media  xəbər verir ki ,Demokrat.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün maşın bazarına yollanıb. O bildirib ki, Bakıda maşın bazarında, eləcə də turbo.az saytında satılan "BMW"lərlə sosial şəbəkədə elanı paylaşılanlar arasında kəskin, hətta 10 min manata yaxın qiymət fərqi mövcuddur.

Maşın satışı ilə məşğul olan Ələmdar adlı şəxs saytımıza açıqlamasında bildirib ki, alıcılar sosial şəbəkələrdə əlimyandı adı ilə satılan ucuz maşınlara aldanmasınlar:

"Əlimyandı, cekpot və sair kimi adla satışa çıxarılan maşınların hədsiz ucuz qiymətə olması bu maşınların ucuzlaşması demək deyil. Bu maşınlar əsasən ya yürüşü həddindən artıq çox olan, ya ciddi problemi olan, ya ciddi zədəsi olan maşınlardır. Bəzi hallarda maşında problem olmasa belə alıcıya təcili satmaq lazım olduğu üçün maşını dəyərindən ucuz qiymətə satışa çıxarır. Amma, bu o demək deyil ki, həmin maşınların qiyməti ucuzdur".

Uzun müddətdir maşın gətirib satan şəxs qeyd edib ki, yaxşı avtomobilin qiyməti hər zaman yüksək olur. O alıcılara ucuz qiymətə satılan maşınları almamağı tövsiyə edib:

"Məsələn, adi meyvə bazarında eyni meyvə növləri müxtəlif qiymətə satılır. Hansısa bir tərəfi çürümüş almanın 50 qəpiyə satılması demək deyil ki, alma 50 qəpikdir. Yaxşı alma yenə də yüksək qiymətə satılır. Ona görə də alıcılar maşın alanda sosial şəbəkələrə yox, maşının real vəziyyətinə diqqət yetirməlidirlər".

Bazarda bir müddətdir maşın axtaran Ramin isə saytımıza açıqlamasında deyib ki, yay aylarının gəlişi ilə maşınların qiymətində azı min manat bahalaşma müşahidə olunur.

"Aprel ayından bəri maşın axtarıram. Əlimdə 18, 19 min pulum var, nə alacağımı bilmirəm. Qiymətlər bir anda bahalaşdı. Ucuzlaşanlar təkcə Çin avtomobilləridir. Onlara isə açığı çox da etibar etmirəm. Böyük ehtimalla seçimim ənənəvi modellər olacaq".

Sosial şəbəkələrdə ucuz qiymətə satışa çıxarılan maşınlar barəsində danışan həmsöhbətimiz qeyd edib ki, həmin elanların səmimiliyinə inanmır.

"Bir iki dəfə elanı görüb həmin yerlərə getdim, həmin maşınlar yox idi. Deyirdilər, o maşın yoxdur, gəl bunu sataq".

Görünür, ekspertlər və təcrübəli sürücülər avtomobil almaq istəyənlərə tələsməməyi və hər ucuz elana etibar etməməyi məsləhət görürlər. Xüsusilə BMW kimi texniki baxımdan mürəkkəb modellərdə qiymətin bazar ortalamasından xeyli aşağı olması çox vaxt ciddi xərclərin xəbərçisi hesab olunur. Hazırda bazarda müşahidə olunan süni qiymət manipulyasiyaları və yay mövsümü ilə bağlı bahalaşma alıcıların daha diqqətli olmasını və seçimlərini rəsmi yoxlamalar əsasında etməsini zəruri edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki