Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Referans-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
X X X
Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən Referans-a verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı FHN məlumat yayıb.
Referans-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.
Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.
