ABŞ-ın İranla müharibəyə son qoymaq üçün 15 maddəlik sülh planı hazırladığı bildirilir. Məlumata görə, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cered Kuşnerin hazırladığı bu plan Pakistan vasitəsilə İrana çatdırılıb. Lakin hazırda nə rəsmi Tehranın, nə də İsrailin planla bağlı dəqiq mövqeyi bəlli deyil.
Digər tərəfdən, İranın bəzi gəmilərdən Hörmüz boğazından keçmək üçün ödəniş tələb etdiyi bildirilir. Məlumata görə, Hörmüz boğazındakı vəziyyət və müharibə nəticəsində yaranan iqtisadi çətinliklər ABŞ-ı sülhü tezləşdirməyə vadar edib.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, martın 24-də adı açıqlanmayan mənbələr “Axios”a ABŞ və regional tərəfdaşların, o cümlədən Misir, Türkiyə və Pakistanın 26 martda İranla yüksək səviyyəli sülh danışıqları keçirmək barədə müzakirələr apardığını bildirib:
“Lakin onlar İranın cavabını gözləyirlər. Pakistanın Baş naziri Şahbaz Şərif 24 martda ölkəsinin ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Adı açıqlanmayan bir İran mənbəsi martın 24-də CNN-ə deyib ki, Vaşinqton Tehranla müxtəlif vasitəçilər vasitəsilə əlaqə saxlayıb. Mənbə iddia edib ki, ABŞ və İran arasında “tam danışıqlar” olmayıb.
Tehrandakı üç yüksək vəzifəli mənbə 24 martda “Reuters”ə ayrıca bildirib ki, İran ABŞ ilə potensial danışıqlarda mövqeyini sərtləşdirir. Mənbələrə görə, İran gələcək hərbi əməliyyatlara qarşı zəmanət, müharibə dövründəki itkilərə görə kompensasiya, Hörmüz boğazına rəsmi nəzarət və ballistik raket proqramına heç bir məhdudiyyət qoyulmamasını tələb edəcək,
“The New York Times” diplomatik mənbələrə istinadən yazır ki, Pakistan vasitəsilə təqdim edilən 15 maddəlik təklif iranlılara göndərilsə də, bu, prezident Trampa daha çox hərbi seçim verə bilər. Yəni ABŞ-ın İrana bölgədəki müharibəyə son qoymaq üçün 15 maddəlik plan göndərməsinə baxmayaraq, Pentaqon təxminən 2000 hava-desant əsgərinin Yaxın Şərqə yerləşdirilməsi əmrini verib”.























