Banqladeşin paytaxtı Dəkkədə baş verən və gecə boyu davam edən güclü yanğın yanğınsöndürənlərin 5 saatlıq səyi nəticəsində söndürülüb, yüzlərlə ev yararsız hala düşüb, minlərlə insan isə evsiz qalıb.
Referans MEDİA xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədə gecəqondular məhəlləsi olan Koraildə genişmiqyaslı yanğın baş verib. Paytaxtın ən sıx məskunlaşdığı, təxminən 80 min insanın yaşadığı və 90 hektar ərazini əhatə edən yanğın geniş panikaya səbəb olub. Yerli sakinlər yanğından qaçmağa çalışıblar, yanğın səbəbindən əraziyi qatı tüstü bürüyüb. Tələfat olmasa da, əraziyə ciddi ziyan dəyib. Yüzlərlə evin dağıldığını və minlərlə insanın evsiz qaldığını bildiriblər. Hadisə yerinə gələn Qızıl Aypara Cəmiyyəti yanğından zərər çəkənlərə ilkin tibbi yardım göstərib.
Banqladeş Yanğın və Mülki Müdafiə Departamentinin media müfəttişi Ənvarul İslam dağıdıcı alovla mübarizə aparmaq üçün hadisə yerinə 21 yanğınsöndürmə maşınının göndərildiyini açıqlayıb. Yanğınsöndürmə idarəsindən Talha bin Zasim, “Güclü nəqliyyat gəlişimizi gecikdirdi. Gəldiyimiz zaman dar küçələr bizi yanğınsöndürən maşınları uzaqda saxlamağa məcbur etdi” deyib. Başqa bir məmur bildirib ki, ərazidə sıx məskunlaşma, taxta və bambuk kimi tikinti materiallardan istifadə yanğının sürətlə yayılmasına şərait yaradıb.
Yanğınsöndürənlər və mülki müdafiə qrupları birlikdə çalışaraq, dar küçələrdən kifayət qədər su gətirmək üçün yorulmadan çalışıblar. Beş saatdan çox səydən sonra nəhayət ki, yanğın dünən gecə nəzarət altına alınıb və səhər saat 9:30 radələrində tamamilə söndürülüb. Səlahiyyətlilər yanğının səbəbi ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Məlumdur ki, 10.000-ə yaxın evi olan Korail ərazisi Dəkkə əhalisinin yüksək gəlirli təbəqəsini əhatə edən Gülşən və Banani ərazilərinə bitişikdir.
