Bazar yerində qətliam: Afrika ölkəsində 50 nəfər öldürüldü

Nigeriyada dəhşətli hadisə baş verib. Niger ştatında yerləşən bir bazara silahlı hücum nəticəsində ölənlərin sayının 50 nəfərə çatdığı bildirilib.

Referans Media xəbər verir ki, silahlı dəstə üzvləri Niger ştatının Demo bölgəsində yerləşən Kasuwan-Daji bazarına hücum ediblər. Hadisə nəticəsində ağır itkilər qeydə alınıb.

Həlak olanlar üçün kütləvi dəfn mərasimi keçirilib, yaralanan şəxslər isə ətraf xəstəxanalara yerləşdirilərək müalicə altına alınıb.

Nigeriya Prezidenti Bola Ahmed Tinubu hücumla bağlı açıqlamasında silahlı dəstə üzvlərinin dərhal saxlanılması barədə göstəriş verib. Prezident bildirib ki, bu qruplar dövlətin qətiyyətini sınağa çəkirlər və törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər.

Tinubu həmçinin qaçırılan bütün şəxslərin təcili şəkildə azad edilməsi üçün təhlükəsizlik qüvvələrinə tapşırıq verib. Hücum nəticəsində 50 nəfər həyatını itirib.

Silahlı şəxslər 3 yanvar tarixində də Niger ştatında bir bazara hücum edərək çox sayda insanı qaçırmış, eyni zamanda bazardakı ərzaq məhsullarını talan etmişdilər.

Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və İŞİD-in Qərbi Afrika qolu (ISWAP) tərəfindən həyata keçirilən hücumlarla üz-üzədir.

Ölkədə adam oğurluğuna görə cəza ölüm hökmü olsa da, fidyə məqsədilə qaçırılma halları geniş yayılıb.

Silahlı qruplar əsasən kəndləri, məktəbləri və yollarda hərəkət edən sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki