Bazarlar nəfəsini tutdu: Trampın FED qərarı gözlənilir

Qlobal maliyyə bazarları həftənin son ticarət günündə qeyri-sabit mənzərə sərgiləyir. ABŞ-də hökumətin yenidən qismən bağlanması ehtimalının gündəmdə qalması, Federal Ehtiyatlar Sisteminin (FED) sədrliyinə mümkün namizədlərlə bağlı xəbərlər və iri şirkətlərin maliyyə hesabatlarından gələn ziddiyyətli siqnallar investorların ehtiyatlı mövqe tutmasına səbəb olub. Bu fonda bu gün ABŞ Prezidenti Donald Trampın FED sədrliyinə namizəd göstərəcəyi şəxsin adını açıqlaması gözlənilir.

Referans Media xəbər verir ki, ABŞ-də iqtisadi və siyasi proseslər aktivlərin qiymətinə birbaşa təsir göstərməkdə davam edir. Həftə hökumətin yenidən bağlanması riski və İran ətrafında mümkün hərbi müdaxilə narahatlıqları ilə başlasa da, sonrakı günlərdə FED-in pul-kredit siyasəti ilə bağlı gözləntilər və texnologiya nəhənglərinin açıqladığı maliyyə nəticələri risk iştahının zəif qalmasına gətirib çıxarıb.

Hazırda ABŞ-də büdcə paketi ilə bağlı danışıqlar davam edir. Senatın çoxluq lideri Con Tyun hökumətin maliyyələşdirilməsi ilə bağlı müzakirələrin müsbət istiqamətdə getdiyini bildirib. Məlumatlara görə, Senatda Demokratlar və Respublikaçılar beş xərcləmə qanununu əhatə edən paket üzrə razılığa gəlsələr də, Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı altıncı qanun layihəsi pakətdən çıxarılıb.

Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ tarixində ən uzun hökumət bağlanmasından sonra ikinci belə halın baş verməsi bazarlarda qiymətləmə balansını poza və gələcək gözləntilərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Bu arada Donald Tramp FED sədrliyinə namizədin adını bu gün açıqlayacağını bəyan edib. Mümkün namizədlər arasında Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett, FED İdarə Heyətinin üzvü Kristofer Uoller, FED-in keçmiş İdarə Heyəti üzvü Kevin Uorş və “BlackRock” şirkətinin rəhbər şəxslərindən Rik Riederin adı çəkilir. ABŞ mediasında yayılan məlumatlara görə, bu siyahıda Kevin Uorşın namizədliyinin daha yüksək ehtimal olduğu bildirilir.

Analitiklərin fikrincə, Uorş keçmişdə Trampın bütün siyasətlərini dəstəkləməsə də, son dövrlərdə faiz dərəcələrinin azaldılması mövzusunda onun mövqeyinə yaxınlaşıb. Bununla yanaşı, digər namizədlərlə müqayisədə FED-in müstəqilliyini qorumağa daha meyilli fiqur kimi qiymətləndirilir.

Bu gözləntilər fonunda dollar indeksində bərpa meyilləri müşahidə olunub, ABŞ istiqrazlarının gəlirliliyi və qiymətli metallar bazarında isə geriləmə qeydə alınıb. Qızıl və gümüş qiymətlərində əvvəlki rekord artımlardan sonra kəskin korrektə baş verib.

Korporativ sektorda isə “Microsoft”un gəlir və mənfəətinin proqnozları üstələməsinə baxmayaraq, bulud xidmətlərində artım tempinin zəifləməsi şirkət səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. “Tesla” səhmləri də müsbət maliyyə nəticələrinə rəğmən dəyər itirib. “Meta” və “IBM” isə açıqladıqları güclü göstəricilər fonunda müsbət dinamika nümayiş etdirib.

Asiya bazarlarında da qarışıq mənzərə hökm sürür. Yaponiyada inflyasiyanın zəifləməsinə dair siqnallar açıqlansa da, Yaponiya Mərkəzi Bankının sərt pul siyasətinə keçə biləcəyi ilə bağlı gözləntilər qalmaqdadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki