“Bədi rəhbər”, “baş rejisor” vəzifələri tarixə qovuşdu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

“Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Bir sözlə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edilib.

Referans Media xəbər verir ki, Nazirliyin bu qərarına ilk reaksiya verənlərdən biri Respublikanın əməkdar artisti Mehriban Xanlarova olub. O, bu barədə Nocomment.az-a açıqlama verib. Bildirib ki, bədii rəhbər və baş rejissor ştatlarının ləğvinin kökündə əsas səbəb kimi məhz Mehriban Ələkbərzadənin fəaliyyəti dayanır.

Onun bədii rəhbər kimi fəaliyyəti dövründə kollektiv daxilində ciddi problemlər yaşanıb.

Aktrisanın sözlərinə görə, özü və bir qrup tanınmış sənət adamı — xalq artisti Əli Nur, əməkdar artist Münəvvər Əliyeva, Məsmə Aslanqızı və Məlahət Abbasova mətbuat vasitəsilə Mehriban Ələkbərzadənin özbaşınalıqları, hegemon davranışları və kollektivə qarşı işlətdiyi təhqiramiz ifadələr barədə dəfələrlə çıxış ediblər. Məqsəd bu məsələlərin aidiyyəti qurumların, eləcə də ölkə rəhbərliyinin diqqətinə çatdırılması olub. Lakin Mehriban Ələkbərzadə uzun müddət vəzifəsindən azad edilməyib. Çünki arxasıında dayanan səlahiyyətli məmur rəfiqəsi buna imkan verməyib.

Mehriban Xanlarova bunları da qeyd edib: “Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək… Bədii rəhbər olduğun dönəmdə ən böyük “yeniliyin” olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq”.

Xatırladım ki, xeyli vaxt idi Akademik Milli Dram Teatrının bir çox aktyoru Mehriban Ələkbərzadənin idarəçiliyinə etiraz, şikayət edirdilər. Onların arasında Mehriban Xanlarova daha sərt, inadkar mövqeyi ilə seçilirdi. Etiraz olaraq ərizə yazıb işdən çıxsa da mübarizəsini dayandırmırdı.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki