Bəzi hallarda alınan aviabiletlərdə uçuş bir aviaşirkət kimi göstərilsə də, reysin başqa şirkət tərəfindən icra olunması sərnişinlərdə suallar yaradır.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, belə hallar aviaşirkətlər arasında mövcud olan tərəfdaşlıq və birgə uçuş razılaşmaları ilə bağlıdır. Onun sözlərinə görə, bəzən iki hava yolu şirkəti müəyyən istiqamətlər üzrə müqavilə bağlayaraq reysləri birgə həyata keçirir.
Ekspert qeyd edib ki, bu cür təcrübə xüsusilə Türk Hava Yolları və Avropadakı digər aviaşirkətlərdə daha geniş yayılıb. Bu zaman eyni istiqamət üzrə uçuşlar müxtəlif tərəfdaş şirkətlərin təyyarələri ilə yerinə yetirilə bilər.
Ceyhun Aşurov vurğulayıb ki, birgə uçuşlar zamanı sərnişin aldığı biletdə bir aviaşirkətin adını görsə də, reysin digər şirkət tərəfindən icra edilməsi mümkündür. Bu barədə adətən bileti təqdim edən turizm şirkəti tərəfindən əvvəlcədən məlumat verilir və ya hava limanında sərnişinlərə izah olunur.
Ekspert əlavə edib ki, bu vəziyyət narahatlıq doğurmamalıdır. Aviaşirkətlər bu üsuldan daha geniş coğrafiyaya uçuşlar təşkil etmək və marşrut şəbəkəsini genişləndirmək məqsədilə istifadə edirlər.
Gülnaz Abdullazadə
