“Yasamalda binada baş verən yanğında zəhərlənən və həlak olan şəxslərin kimliyi artıq müəyyən edilib. Bu məlumat istintaq üçün çox vacibdir”.
Referans Media bildirir ki , bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib.
O qeyd edib ki, Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi başlayıb:
“Bu o deməkdir ki, yanğının səbəbi ətraflı araşdırılacaq. Əgər binada təhlükəsizlik qaydaları pozulubsa, məsul şəxslər cəzalandırıla bilər. Zəhərlənən insanlar maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər. Ölənlərin ailələrinin də kompensasiya almaq hüququ var. Bunun üçün tibbi sənədlər və ekspertiza rəyləri əsas sübut olacaq. Yanğınla bağlı pul tələb edilsə, məbləğ ziyanın ağırlığından asılı olaraq dəyişir. Zəhərlənənlər üçün kompensasiya adətən təxminən 1 500-15 000 manat arası olur. Ölənlərin ailələrinə isə daha yüksək, təxminən 15 000-60 000 manat ödəniş təyin oluna bilər. Yanğının elektrik xətti, istismar qaydaları və ya insan səhlənkarlığı səbəbindən baş verməsi xüsusi araşdırılacaq. Bu hadisə yanğın təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha ortaya çıxardı. İstintaqın nəticələri gələcəkdə oxşar problemlərin qarşısını almağa kömək edəcək”.
