Boliviyada həftəsonundan etibarən yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 20 nəfər həyatını itirib.
Referans Media xəbər verir ki, Boliviya Mülki Müdafiə nazirinin müavini Alfredo Troçe yerli mətbuata açıqlamasında Santa-Krus şəhərində sel fəlakətinin baş verdiyini, Pirai çayının məcrasından çıxdığını bildirib.
Troçe indiyədək 20 nəfərin öldüyünü, çox sayda şəxsin isə itkin düşdüyünü qeyd edib. O, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini və itkilərlə bağlı dərin kədər hissi keçirdiklərini vurğulayıb.
Bu arada Boliviya dövlət başçısı Rodriqo Paz bölgədəki vəziyyəti yaxından izləmək məqsədilə xüsusi komissiya yaradıldığını açıqlayıb. Prezident sel fəlakətindən zərər çəkən ərazilərdə milli fövqəladə vəziyyət elan olunması üçün hazırlıq işlərinin davam etdiyini bildirib.
El Niño və La Niña iqlim hadisələrinin təsirinin hələ də davam etdiyini deyən Paz, qarşıdakı 3–5 ay ərzində intensiv yağışların, daha sonra isə quraqlığın müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Yerli mətbuata görə, ölənlərin sayının artacağından narahatlıq var. Daşqınların vurduğu maddi ziyanın isə milyonlarla dollarla ölçüldüyü ehtimal olunur.
