“Bu müharibə dünyanın sonu gətirə bilər”

  ABŞ Prezidenti Donald Tramp nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanmasının vacib olduğunu deyib.

O, bildirib ki, 2020-ci ildə ABŞ prezident seçkilərində Amerika administrasiyasının başında qalsaydı, Rusiya-Ukrayna münaqişəsinin qarşısını ala bilərdi.

Donald Trampa görə, nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanması niyə vacibdir və bu siyasət beynəlxalq təhlükəsizlik üçün hansı nəticələr doğura bilər?

 Referans xəbər verir ki, Sfera.az-a bu barədə açıqlama verən Milli Məclisin deputatı Azər Badamov Yer kürəsinin bu gün Üçüncü Dünya Müharibəsinin astanasında dayandığını deyib.

O bildirib ki, əgər belə bir müharibə başlasa, nüvə silahına malik dövlətlər arasında toqquşmaların yaranması və kütləvi silahların istifadəsi nəticəsində dünyanın sonu gələ bilər: 

“Nüvə arsenalı bəşəriyyət üçün ən böyük fəlakət mənbəyidir. Bu baxımdan böyük güclər arasındakı ziddiyyətlər heç bir halda nüvə silahlarının tətbiqi həddinə çatmamalıdır. Bunun üçün nüvə dövlətləri arasında davamlı dialoq qurulmalı və qlobal təhlükəsizlik sisteminin ədalətli şəkildə formalaşması üçün qarşılıqlı ünsiyyət təmin edilməlidir”.

Millət vəkili eyni zamanda nüvəsiz ölkələrin yeni nüvə silahına sahib olmasının qarşısının alınmalı olduğunu vurğulayıb. 

O əlavə edib ki, yalnız böyük nüvə dövlətləri arasında dialoqun qorunması dünyanı ağır faciələrdən xilas edə bilər: 

“ABŞ prezidenti Donald Tramp öz sülhpərvər siyasəti ilə böyük nüfuz qazanmışdır. Bu mənada, Trampın nüvə güclərinə malik ölkələrlə sağlam münasibətlərin saxlanmasının vacibliyini vurğulaması, dünya təhlükəsizlik sisteminin dayanıqlı şəkildə formalaşdırılması üçün ən düzgün təşəbbüslərdən biri hesab olunur”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki