Bu ölkədə qətllər adi hala çevrilib: bu dəfə hücum çimərlikdə baş verdi – çox sayda ölən var

Ekvadorun ən turistik bölgələrindən birində silahlı hücum baş verib. Ölkə ili hər 100 min nəfərə 52 qətl göstəricisi ilə, tarixinin ən qanlı dövrü kimi başa vurmağa hazırlaşır.

Referans Media xəbər verir ki, Ekvadorun cənub-qərbində yerləşən və turistlərin sıx ziyarət etdiyi sahil şəhəri Puerto Lopesdə təşkil olunan silahlı hücum nəticəsində, aralarında iki yaşlı qız uşağının da olduğu bir neçə nəfər dünyasını dəyişib.

Avtomatik silahlarla atəş açılıb

“The Sun” nəşrinin məlumatına görə, hadisə xüsusilə balina izləmə turları ilə məşhur olan populyar sahil qəsəbəsində qeydə alınıb. Yerli vaxtla saat 09:00 radələrində avtomatik silahlarla silahlanmış naməlum şəxslər çimərliyə gələrək insanların üzərinə atəş açıblar.

Bölgə Polis Komandanı, polkovnik Uilyam Akurio mediaya açıqlamasında hücum nəticəsində 6 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını təsdiqləyib. Onun sözlərinə görə, ölənlər arasında təxminən iki yaşında bir qız uşağının olması faciəni daha da ağırlaşdırır.

Dəstə qarşıdurması ehtimalı

Hücum edən şəxslərin hadisə yerindən qaçdığı, polis tərəfindən genişmiqyaslı axtarış əməliyyatına başlanıldığı bildirilib. İlkin araşdırmalar hücumun yerli cinayətkar qruplar və dəstələr arasında hesablaşma ilə bağlı ola biləcəyini göstərir.

Ekvador zorakılıq dalğasında

Bir vaxtlar Cənubi Amerikanın ən təhlükəsiz ölkələrindən biri hesab olunan Ekvador son illərdə kokain ticarətinə nəzarət uğrunda mübarizə aparan dəstələrin qarşıdurma meydanına çevrilib. Son illər ölkədə qətl halları səkkiz dəfə artıb və Ekvador artıq Latın Amerikasında “qətl paytaxtı” kimi anılmağa başlayıb.

Yaxın keçmişdə Kolumbiya sərhədində yerləşən eko-turizm bölgəsində bir britaniyalı vətəndaşın linç edilərək yandırıldığı, keçmiş gözəllik kraliçasının isə körpəsinin gözü qarşısında güllələnərək öldürüldüyü barədə məlumatlar yayılmışdı.

Ekvador prezidenti Daniel Noboa isə mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində sərt siyasətini müdafiə edir. Prezident ölkədə dəstələrə qarşı “daxili müharibə” aparıldığını bəyan etsə də, turistik bölgələrə qədər yayılan silahlı hücumlar və qətllərin adi hala çevrildiyi diqqət çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki