Azərbaycanda mövcud qanunvericiliyə əsasən yalnız beş və daha çox övladı olan analar pensiyaya tez çıxmaq hüququna malikdir. Lakin Milli Məclisin deputatı Əli Məsimli bu normaların dəyişdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə xüsusilə gənc ailələr arasında 5 uşaqlı ailələrə nadir hallarda rast gəlinir, buna görə də güzəştin əhatə dairəsinin genişləndirilməsi məqsədəuyğundur:
“Təklif edirəm ki, üç və ondan çox uşağı olan ailələrin nümayənlərinə 5 il daha tez pensiyaya çıxmaq istiqamətində qanunvericilikdə dəyişikliklər olsun”.
Referans.az xəbər verir ki , mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, belə bir qərar gözləniləndir:
“Əslində Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı çox azdır. Ona görə də bu normanın 3 uşağa qədər endirilməsi məqbul sayıla bilər. Burada illə bağlı müəyyən dəyişikliklər nəzərdə tutulmalıdır. Məsələn, üç uşaqlı qadınlar 3 il daha tez pensiyaya çıxmaq hüququ əldə etməlidir. Hazırda bu dəyişiklik hələ parlamentdə müzakirə olunmayıb, amma qanunvericilik təşəbbüsü konstitusiyada icazəsi olan qurumlar tərəfindən Milli Məclisə təqdim oluna bilər. Belə bir ehtimalın yüksək olduğunu düşünürəm”.
Ekspertin sözlərinə əsasən, belə bir təşəbbüs, demoqrafik vəziyyətin yaxşılaşdırılmasına da xidmət edə bilər:
“Statistik göstəricilərə əsasən, xüsusilə gənc ailələr arasında beş və daha çox övlad sahibi olmaq nadir haldır. Doğum səviyyəsi azalırsa, dövlət tərəfindən tətbiq olunan sosial güzəştlər insanların uşaq sahibi olmağa marağını artıra bilər. Bu, uzunmüddətli perspektivdə əhali artımı və sosial sabitliyin təmin olunması üçün vacib addımdır”.
